Serj Sərkisyanın prezidentliyi dövründə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Türkiyənin mövqeyini, Nikol Paşinyanın baş nazirliyində isə Ermənistanı sərt tənqid edir.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
Onun sözlərinə görə, S.Lavrov əslində Ermənistanı deyil, N.Paşinyanı hədəf alır:
“İndi ölkədə Rusiyanın XİN başçısını tənqid etməyə başlayıblar. Amma problem Lavrovda deyil, bizim baş nazirdədir.
O, Ermənistanın bir vaxtlar “etibarlı olan” mövqeyini puça çıxarır. Xatırlayın, hələ 2016-cı ilin aprelində S.Lavrov İrəvana səfər etdi və o zamankı XİN başçımızla birlikdə mətbuat konfransı keçirdi. Kreml rəsmisi həmin vaxt Ermənistanı Rusiyanın MDB-də əsas tərəfdaşı adlandırdı”.
Şarmazanov vurğulayıb ki, Lavrov Aprel döyüşlərindən sonra Moskvanın Qarabağ məsələsinin hərbi həllini dəstəkləmədiyini bildirib:
“O, Türkiyə tərəfinin Azərbaycan-Ermənistan arasında baş verənlərlə bağlı mövqeyini də sərt tənqid etdi və bunu qəbuledilməz adlandırdı. Bu bəyanatların hamısı S.Sərkisyanın dövründə səsləndirilib”.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya XİN başçısı Sergey Lavrov mətbuata açıqlamasında Ermənistan rəhbərliyini üçtərəfli sazişi sabotaj etməkdə günahlandırıb.