Azərbaycan Ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən beş il ötür. 2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirdi və düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi və bir neçə yüksəklik işğaldan azad edildi. Həmçinin, Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Muharibədən keçən cəmi iki ay ərzində Cocuq Mərcanlı kəndi tamamilə yenidən quruldu və sakinlər öz doğma obasına qaytarıldı. Bununla da Böyük Qayıdışa start verilmiş oldu…
Bu gün Aprel döyüşləri hər iki ölkədə yad edilir – Azərbaycanda qürurla, Ermənistanda hüznlə! Buna baxmayaraq, hələ də Ermənistan siyasi dairələri və mediası Aprel döyüşlərinin mahiyyətini və baş vermə səbəblərini təhrif etməkdə və dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaqda davam edir. Elə bu gün də erməni mətbuatında dərc olunan bir sıra məqalələrdə vurğulanır ki, guya Azərbaycan 2016-cı ilin aprelində bir sıra “cinayətlər” törədib və 1994-cü ildə atəşkəs barədə imzalanan müqaviləni pozub. Lakin heç kimə, xüsusən də dünya birliyinə sirr deyil ki, Aprel döyüşləri erməni silahlı birləşmələrinin təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başladı. Yəni Azərbaycan Ordusu bir növ ermənilərə öz həddini bildirdi və çətin işin öhdəsindən asanlıqla gələrək 2 günə Ermənistan ordusuna çox sarsıdıcı zərbələr vurdu.
Erməni tərəfinin ənənəvi yalanlarını üzə çıxarmaq üçün Aprel döyüşlərində iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Mübariz Məmmədovun dediklərinə diqqət edək:
– 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldığından bizə “Həyacan” siqnalı ilə toplanmaq əmri gəldi. Biz də əmrə əsasən, cəmləşmə məntəqəsinə yollandıq. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, əks-həmlə nəticəsində torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücünün qarşısında silah-sursatlarını, texnikalarını atıb qaçmağa məcbur oldu. Aprel döyüşləri ordumuzun şanlı qələbəsidir. Bununla hər kəs sevinir, qürur duyur. Ordu sıralarında xidmət edən hər bir hərbi qulluqçu Ali Baş Komandanımızın növbəti “İrəli” əmri ilə işğal altında olan torpaqlarımızı tamamilə azad etməyə qadirdir. O gün uzaqda deyil…
Çavuş Mübariz Məmmədovun sözlərinə qüvvət, bu döyüşlər bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, bu döyüşlər cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mifi alt-üst etdi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Azərbaycan Müdafiə Nazirliyində olan məumata görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Bu döyüşlərdən sonra – may ayında Azərbaycan və Ermənistan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.
Əslində, cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir və bununla da öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd edirdi. Azərbaycan isə münaqişənin dinc yolla həllinə tərəfdar idi və bu istiqamətdə səylərini əsirgəmirdi.
Bu baxımdan, beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr Aprel döyüşləri ilə bağlı Azərbaycanın əleyhinə bir söz belə deyə bilmədilər. Azərbaycan isə qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır. Lakin Ermənistan Aprel döyüşlərindən sonra da dinc dayanmadı, Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirdi. Tovuz və Naxçıvan istiqamətindəki döyüşlər bunun bariz nümunəsidir.
Dövlət başçısının Aprel döyüşləri barədə fikirlərinə diqqət edək: “Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, – mən onu bir daha qeyd etmək istəyirəm, – dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Ali Baş Komandanın bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan hər zaman haqq yolunda olub və daim bu yoldan gedərək qərarlar alıb. Necə ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan xalqının 30 ilə yaxın idi ki, gözlədiyi o QƏRAR verildi. Və çox qısa müddətdə – cəmi 44 günə Ermənistan ordusu tamamilə məhv edildi, dövləti isə diz çökdürüldü. Nəticədə 10 noyabr tarixli kapitulyasiya (təslim) aktına imza atdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi və Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixdə qaldı.
Təbii ki, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı zəfər məhz Aprel döyüşlərindən qaynaqlandı. İstər xalqımızın, istərsə də hərbçilərimizin onsuz da dərin olan milli vətənpərvərlik ruhu məhz 2016-cı ilin Aprelində yenidən oyandı. Bu döyüşlər həm də Azərbaycan Ordusunda bundan sonra nəyi necə etməyi qətiləşdirdi, düşmən mövqelər və onların potensialı öyrənildi. Nəticədə, 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ savaşı, digər adı ilə Vətən Müharibəsi ilə Azərbaycan öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.
Ona görə də Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən Müharibəsinin bir parçası olaraq daim müqəddəs tarix kimi xatırlanacaq.
Şəhid və qazi olan qardaşlarımızın xatirəsinə dərin ehtiramla!
Elgün MƏNSİMOV
Trend