Aprel döyüşləri kimi tarixləşən əks hücüm əməliyyatları Böyük
Zəfərimizə aparan yolda dönüş nöqtəsi oldu. Şanlı Azərbaycan ordusu
Qarabağdakı qeyri-qanuni separatist hərbi birləşmələr və Ermənistan
ordusuna ağır zərbələr endirərək düşmənə kimin kim olduğunu
anlatdı. Aprel döyüşləri qəhrəmanlıq salnaməsidir, Azərbaycan
oğlunun döyüş ruhunu, güçünü, iradəsini göstərdi.
Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl
rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun
Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində
bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni
rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst
edildi.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri
və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən
intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri
əks-həmlə ilə təxribatların qarşısını aldı. Erməni silahlı
qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Əldə olan
məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq
erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və
digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan
çıxarıldı, Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargahı və
əsas hərbi hissələri məhv edildi. Ağdərə-Suqovuşan, Cəbrayıl
istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən
diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə
məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə
olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının,
mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik
hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit
birliyi nəticəsində mümkün oldu.
Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün
təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq
Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı
2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə
start verildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə
görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir,
dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının
işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı
dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və
dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin
bahasına olursa-olsun bərpa edəcəkdir”.
Və belə də oldu. 2020-ci ildə Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
Ordumuz qızıl tariximizi yazdı, Vətən torpaqları erməni işğalından
azad edildi, Azərbaycan öz ərazi bütövlüyünü öz hərbi gücü ilə
təmin etdi, tarixi ədalət bərpa olundu. Aprel döyüşlərində həlak
olmuş bütün Vətən oğullarını ehtiramla yad edərək bir daha
bildirirk ki, onların qisası döyüş meydanında alındı. Müqəddəs
torpaqlarımız uğrunda döyüşən, onun hər qarışı üçün qan tökən
şəhidlərimizə Allah Rəhmət eləsin! Bu şərəfli amal uğunda öz
sağlamlığını itirən qazilərimizlə fəxr edirik!
Sevil Mikayılova
Milli Məclisin deputatı