Aprelin 5-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında
“Aprel döyüşləri – Böyük zəfərə aparan yol” mövzusunda konfrans
keçirilib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və Xətai rayon
təşkilatının birgə təşəbbüsü ilə keçirilən konfransda əvvəlcə
torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət
Himni səsləndirilib.
Konfransın moderatoru, YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun
gücünün, xalqla ordunun birliyinin, gənclərimizin
vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Onun sözlərinə
görə, bu döyüşlərin gedişində Lələtəpə kimi yüksəklik geri alındı.
Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. V.Rəhimzadə
qeyd edib ki, bu gün xalqımız tarixi Zəfərimizin sevincini
yaşamaqla yanaşı, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa
hazırlıq görür. Cocuq Mərcanlı bu qayıdışın başlanğıcı idi.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir
yumruq kimi birliyi, həmrəyliyi sayəsində bu qayıdış əbədidir.
Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Şair Ramaldanov
bildirib ki, aprelin 2-dən 5-dək davam edən bu döyüşlər Azərbaycan
hərb tarixində mühüm yer tutur. Aprelin əvvəllərində Azərbaycanın
ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı
qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda
Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.
Aprel döyüşlərində də Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini xatırladan
polkovnik deyib: “Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı
Qarabağın işğaldan azad edilməsi məsələsində hamılıqla birləşə
bilir. Bu birlik sonradan Vətən müharibəsində düşmənin başını əzən
“Dəmir yumruğ”a çevrildi”.
YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və
seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə
doktoru Rufiz Qonaqov çıxışında bildirib ki, Aprel döyüşləri böyük
zəfərimizin başlanğıcı idi. Onun sözlərinə görə, həmin günlər
xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz
əzmini nümayiş etdirdi: “Döyüşlərdə işğalçı Ermənistan ağır
zərbələr aldı, işğal altında olan torpaqlarımızın bir hissəsi azad
edildi. Məğlub olduğunu görən Ermənistanın o zamankı rəhbərliyi
döyüşlərin dayandırılması üçün başqa ölkələrə yalvarırdı. Lakin
düşmən nə Aprel döyüşlərindən, nə Günnüt əməliyyatından, nə də
Tovuz hadisələrindən nəticə çıxarmadı. Ona görə də, 44 günlük Vətən
müharibəsində işğalçılar torpaqlarımızdan qovuldu və ordumuz şanlı
zəfər tarixi yazdı”.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Qarabağ
qazisi Anar Məmmədov Ermənistanın heç vaxt sülhə gəlmək niyyətində
olmadığını, işğalçı siyasətini davam etdirmək istədiyini
xatırladıb. Onun sözlərinə görə, Azərbaycan Ordusu işğalçıya öz
gücünü göstərdi: “Aprel döyüşlərində və 44 günlük Vətən
müharibəsində erməni ordusu haqqında mif tamamilə dağıdıldı. Bütün
dünya xalqımızın gücünü gördü. Dövlətimiz həm masada, həm də döyüş
meydanında qalib gəldi. Bu gün dünya bizim döyüş təcrübəmizi
öyrənir. Biz qalib ölkənin vətəndaşı olmaqdan qürur duyuruq”.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının İnformasiya
texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin
Quliyev illər ötdükcə Aprel zəfərinin möhtəşəmliyinin daha aydın
göründüyünü söyləyib. Onun sözlərinə görə, həmin döyüşlər bir daha
təsdiqlədi ki, erməni işğalı uzun müddət davam edə bilməz və
Qarabağ “dondurulmuş” münaqişə deyil: “Şanlı aprel döyüşlərindən
nəticə çıxarmayan Ermənistanın kriminal rəhbərliyi yenidən hərbi
təxribatlara əl atdı. 2020-ci ilin 27 sentyabr tarixi onların
“arzularının” tükənən günü oldu. Azərbaycan xalqı Prezidentimizin
ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ
millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı 30 ildə bir
an da olsun Qarabağ arzusundan bir addım belə geri çəkilməyib. 30
ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük Vətən
müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı”.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında
Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksək olduğunu
bildirib. Onun sözlərinə görə, həm Aprel döyüşləri, həm də 44
günlük Vətən müharibəsi bu faktı təsdiqləyir. Prezident İlham
Əliyevin Azərbaycan gənclərinin torpaqlarımızın işğaldan azad
edilməsində rolunu yüksək qiymətləndirdiyini deyən B. İslamov
diqqətə çatdırıb ki, müharibədən sonra yaranmış yeni reallıqlar da
gənclərin qarşısında yeni vəzifələr müəyyənləşdirib. Bu da,
müstəqil dövlətimizi qorumaq, onu daha da gücləndirmək və əsl
həqiqətləri, uğurlarımızı dünyada təbliğ etməkdən ibarətdir.
Konfransda daha sonra şəhid Rəşad Niftalılının atası Şakir
Niftalıyev, şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə,
Aprel döyüşlərinin iştirakçısı, mayor Amil Cəlilov, Vətən
müharibəsi qazisi Famil Məlikov və qazi, ərazi partiya təşkilatının
sədri Tariyel Şıxbalayev çıxış edərək aprel döyüşlərindən, 44
günlük Vətən müharibəsindən, qazi və şəhid ailələrinə dövlət
qayğısından bəhs ediblər.