Təxminən 187 min proqram təminatı sentyabr ayından iOS əməliyyat sistemində fəaliyyətini dayandıracaq.
Buna səbəb mobil platformanın yeni versiyasının 32 bit proqramların fəaliyyətini dəstəkləməməsidir.
Xatırladaq ki, 64 biti dəstəkləyən prosessor 2013-cü ildə “iPhone 5s” smartfonlarında istifadə edilib. O zamandan bəri “Apple” dəfələrlə tərtibatçılara öz proqramlarının yenilənmiş versiyalarını hazırlamaları ilə bağlı müraciətlər edib.
2017-ci ilin iyun ayında köhnəlmiş 32 bitli əlavələr “App Store”dan silinib. Ancaq bununla belə, istifadəçilərin birbaşa keçidlərlə bu proqramları yükləmək imkanları mövcuddur.
Cihazlara yeni “iOS 11” versiyası yükləndikdən sonra 32 bitli əlavələri istifadə etmək mümkün olmayacaq. “Business Insider” yazır ki, hazırda onların sayı “App Store”da mövcud olan bütün proqramların sayının təxminən 8 faizini təşkil edir.
Cihazın yaddaşında belə proqramın olub-olmadığını öyrənmək üçün “Quraşdırma” bölməsinə, oradan isə “Cihaz haqqında” bəndini seçmək və “Proqramlar”a daxil olmaq lazımdır.