Aparılacaq danışıqlar regionun tarixində yeni inkişaf mərhələsinin başlanmasının səbəbi olmalıdır – Tamam Cəfərova

44 günlük Vətən müharibəsinin başlanmasından artıq bir il ötür. Azad edilmiş ərazilər bərpa olunur, ərazilər minalardan təmizlənir və əhalinin öz torpaqlarına qaytarılması ilə bağlı sürətli işlər həyata keçirilir. Dünyanın gözü, qulağı sözün bütün mənalarında ölkəmizdədir. Təsadüfi deyildir ki, müharibənin başlanmasının il dönümü ərəfəsində cənab Prezident dörd ölkənin televiziya kanalına müsahibə vermişdir. Qalib Ali Baş Kamandan, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya birliyinə nəinki çatdırır, hətta qəbul olunmasını təmin edir.

Bu sözləri ölkə Prezidenti İlham Əliyevin oktyabrın 2-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə ilə bağlı AzerTimes-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, Cənab Prezident müsahibədə diğər məsələlər yanaşı postmüharibə dövründə regionda yaranmış yeni reallıqlar və Azərbaycan dövlətinin tutduğu mövqe haqqında ətraflı məlumat verib və bildirib ki, artıq Azərbaycan və Ermənistan arasında danışıqlar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Aparılacaq danışıqlar regionun tarixində yeni inkişaf mərhələsinin başlanmasının səbəbi olmalıdır.

Azərbaycanın mövqeyi müharibə bitəndən sonra də dəyişməz olaraq qaldığını vurğulayan Tamam Cəfərova bildirib ki, Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlanmasına və gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırdır. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir. Lakin Ermənistan hələ də müsbət cavab verməyib

Fikirlərinin davamı olaraq millət vəkili qeyd edib ki, münaqişə Azərbaycanın hərbi-siyasi yolla, beynəlxalq hüquq normaları çərçivəsində təsbit olunmuş ərazi bütövlüyünü təmin etməsi ilə başa çatmışdır. Artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.

Birgəyaşayışın regionun qaçılmaz gələcəyi olduğunu vurğulayan Tamam Cəfərova bildirib ki, Qarabağda yaşayan etnik ermənilərin fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil. Azərbaycan ərazisində yaşayan digər xalqlar kimi Qarabağ ermənilərinin də normal həyat şəraitinin təmin olunması üçün həmin ərazilərin qısa müddət ərzində bərpa olunması olduqca vacib məsələdir.

Cənab Prezident müsahibədə həmçinin ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığının və obyektiv mövqeyinin vacibliyinə toxunub. Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bu və ya digər məsələlərin həllində böyük təcrübəyə malikdir və bu işdə öz töhfəsini verə bilər.

Milllət vəkili onu da əlavə edib ki, Qarabağ münaqişəsinin sona çatmasında Türkiyə və Rusiyanın rolu danılmazdır: «Müharibənin ilk vaxtlarından qardaş Türkiyə hər zaman siyasi və mənəvi cəhətdən Azərbaycanın yanında oldu. Qarabağda Rusiya ilə Türkiyə birlikdə Monitorinq Mərkəzi yaradıb və bölgənin təhlükəsizliyinin təmin edilməsinə birlikdə nəzarət edirlər. Azərbaycan regionda 3+3 əməkdaşlıq prinsiplərini dəstəkləyir. Üç Cənubi Qafqaz dövlətləri ilə birlikdə Rusiya, Türkiyə və İran region dövlətləri olaraq əməkdaşlığa və sülhə böyük töhfə verə bilər. Bununla da regionda yeni bir iqtisadi format yaranar. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır. Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.

Teqlər: