SEPAH erməni hərbçilərə bir neçə hərbi bazada təlim keçir. Onlara pilotsuz uçuş aparatlarının düzgün idarə olunması ilə bağlı bilgilər öyrədilir.
Bu sözləri AzerTimes-a SEPAH-ın sabiq polkovniki Əli Rzayi deyib.
O bildirib ki, SEPAH erməni hərbiçilərin hərtərəfli təlim keçməsi üçün 3 müxtəlif hərbi bazada yer ayırıb:
“SEPAH erməni hərbçilərə Təbriz yaxınlığında yerləşən Şəhid Qazi Təbatəbai Döyüş Hazırlıq Məktəbində, Urmu gölünün üstündə yerləşən “Xasavan” hərbi hissəsində və “Əz-Zəhra” hərbi bazasında təlim keçir. İranın Ermənistan ordusuna hədiyyə etdiyi və ya satdığı dronları necə idarə etməyin yollarını öyrədir. Təlimdə iştirak edənlərin sayı çox deyil. Bu təlimlər, əslində, siyasi təbliğat məqsədilə keçirilir. Hərbi mesaj olduğunu düşünmürəm. Bununla bir növ Azərbaycana siyasi mesaj göndərir, ermənilərlə dəstək nümayiş etdirir”.
Onun sözlərinə görə, Qarabağdakı antiterror tədbirləri İranın Azərbaycana qarşı siyasətinə təsir edib:
“Azərbaycanın Qarabağda keçirdiyi uğurlu antiterror əməliyyatı Tehran rejimini də geri oturmağa məcbur edib. Antiazərbaycan çıxışları ilə qəzəb yaradan Seyid Həsən Amuli kimi biri antiterror tədbirlərindən sonra mövqeyini dəyişib. Özünü bu məsələdən şad kimi göstərməyə çalışır. Azərbaycanın Qarabağdakı uğurundan ağız dolusu danışır”.