Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.
Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı.
Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır.