2022-ci ilin əvvəlindən Antalyada əmlak qiymətləri bir il
əvvəlki ilə müqayisədə iki dəfədən çox artıb.
AzerTimes-ın TASS-a istinadən
məlumatına görə, bunu Antalya Ticarət və Sənaye Palatasının rəhbəri
Davut Çətin deyib. Onun sözlərinə görə, əcnəbilərin bu kurort
şəhərində əmlaka tələbatının artması səbəbindən kirayə üçün demək
olar ki, heç bir mənzil qalmayıb.
“Bizdə daşınmaz əmlak bazarında real qiymət bumu var. Antalya
mənzil qiymətlərinin artımı baxımından ənənəvi olaraq Türkiyənin ən
bahalı şəhəri hesab edilən İstanbulu geridə qoyub. Tələb artımı
2021-ci ildə standart bazar qiymətlərini 210-220% üstələyib”, –
deyə iş adamı bildirib.
O bildirib ki, Antalyada kirayə qiymətlərinin pik həddi Ukrayna
böhranının əvvəlində baş verib: “Əcnəbilər ayda 2000 dollar olmaqla
birillik kirayə haqqını əvvəlcədən nağd ödəyirlər. Bu isə yerli
vətəndaşlar üçün problem yaradır. Antalyalılar üçün min dollar və
ya daha çox kirayə haqqı çox bahadır, demək olar ki, əməkhaqlarının
böyük bir hissəsini təşkil edir”, – deyə Ticarət və Sənaye
Palatasının rəhbəri bildirib.
Türkiyə İstehlakçılar Birliyinin şöbə müdiri Neşet Gündüz isə
bildirib ki, ilin əvvəlindən indiyədək 1,8 minə yaxın insan
bazardakı vəziyyətdən istifadə edərək kirayə haqlarını artıran ev
sahibləri ilə bağlı təşkilata şikayət edib: “Xarici vətəndaşlara
daşınmaz əmlak satışını dayandırmaq lazımdır”, – deyə o əlavə
edib.