Antalya Diplomatiya Forumu artıq ikinci ildir ki keçirilir. Bu,
Türkiyənin həm qlobal, həm də regional məsələlərdə rolunu göstərir.
Builki forumda da çoxlu sayda dövlət xadimləri, ekspertlər,
jurnalistlər və digər qonaqlar iştirak edir. Bu forum göstərir ki,
Türkiyənin dünyada rolu, vacibliyi, xüsusən Rusiya-Ukrayna
müharibəsi fonunda artmaqdadır.
Bunu AzerTimes-a
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri
Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Forumda Azərbaycandan da böyük bir nümayəndə
heyəti iştirak edir.
“Nümayəndə heyətinin tərkibində diplomatlar, deputatlar,
ekspertlər iştirak edir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
də bu foruma qatılıb. Regionda vəziyyət çox gərgindir, həm Türkiyə,
həm də Azərbaycan istəyir ki, Rusiya-Ukrayna müharibəsi tezliklə
dayansın”, – deyə F.Şəfiyev qeyd edib.
O əlavə edib ki, Antalya Forumunda Ermənistan xarici işlər
naziri də iştirak edir. “Bütün bu faktlar göstərir ki, bu nə qədər
vacib bir tədbirdir. Yəni bütün gərginlikləri nəzərə alaraq forum
yerinə düşüb. Forum zamanı Türkiyə və Ermənistan arasında
normallaşma prosesi, Azərbaycan ilə Ermənistan arasında sülh
danışıqları haqqında fikir mübadiləsi aparılacaq”, – deyə o
bildirib.