Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusuna panel müzakirəsi keçirilib.
AzerTimes xəbər verir ki, Əlican Ayanların moderatorluğu ilə keçən panel müzakirəsində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra regionda yaranmış vəziyyətlə bağlı mövqeyini iştirakçılara çatdırıb. Ölkəmizin müharibədən sonra həyata keçirdiyi layihələrdən bəhs edən C.Bayramov deyib ki, bu infrastrukturlar təkcə Qarabağa deyil, Ermənistana gedən yolun da bir hissəsini təşkil edir. Ona görə də sözügedən layihələr Qarabağdakı erməni vətəndaşlarımız kimi, Ermənistanın özü üçün də faydalıdır. Biz bu yolları açmaqla sülhü dəstəklədiyimizi real işlə nümayiş etdirdik. Biz Ermənistana səslənirik ki, əməkdaşlıq edək, dialoq aparaq. Onlar isə “hələ müharibə bitmədi” fikirləri səsləndirirlər. Biz danışıqlara hər zaman hazırıq.
Bölgə ölkələrinin mövcud problem və məsələlər ətrafında birgə dialoq apara bilməməsini yanlışlıq kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Kamil Aydın deyib ki, problemləri həll etmək üçün tərəflər arasında yaxınlaşma və dialoq təmin edilməlidir. Problem daha çoxşaxəli platformalara daşınmamalıdır. Region dövlətləri arasında əlaqələr və münasibətlər inkişaf etdikcə, problem daha tez həllini tapar. Ermənistanın Azərbaycan və Türkiyəni günahlandırması doğru yol deyil. Ərazi iddiası irəli sürən Ermənistan yanlış yoldadır. Biz bu bölgənin ölkələriyik. Türkiyədə müxtəlif millətlərin nümayəndələri, həmçinin ermənilər yaşayırlar. Ermənistan isə monoetnik ölkədir. Ermənistan bu yanlış yanaşmaya düzəliş etməlidir.
Əsassız iddiaları təhlükəli və faydasız adlandıran ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib ki, Ermənistan dövlətinin siyasətində bəzi mühüm məqamlar dəyişməlidir. Azərbaycan Ordusunu zəif görmək kimi xülyalar, Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları kimi yanlış baxışlar və istəklər bu dövləti dalana gətirib çıxarıb. Ermənistan bu zərərli tendensiyalardan imtina etməlidir. Bu gün Ermənistanın yeni bir dövrə, işıqlı gələcəyə qədəm qoymaq şansı var və onlar bu şansı qaçırmamalıdırlar.
Qafqazdakı yeni situasiyanın əsasının Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə qoyulduğunu, Xocalı soyqırımına və işğalçılıq siyasətinə görə Ermənistanı dəfələrlə qınadığını ifadə edən erməni əsilli professor Jirayir Libaridiyan vurğulayıb ki, erməni diasporunun proseslərə təsiri böyükdür. Ermənistan dövlətinin yaranmış vəziyyətdən tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşdırmasıdır. Bundan sonra birgə fəaliyyət müzakirə mövzusu ola bilər. Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə, əlbəttə ki, əlaqələrin normallaşdırılmasından söz gedə bilməzdi. Amma bu gün – Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra belə bir şans yaranıb, dialoq üçün imkanlar açılıb. Bu gün Ermənistanda siyasi vəziyyət elədir ki, seçkilərdə yüksək reytinqə malik olan və öndə gedən iki partiyanın liderləri – Paşinyan və Köçəryan mövcud durumu qiymətləndirməkdə acizdirlər və onların dialoqa tərəfdar olacağına ümid etmək olmaz. Bu mövzuda Ermənistanda daha çox vəziyyətə real baxan Levon Ter-Petrosyandır ki, onun da partiyası seçkilərdə 10-15 faiz səs toplaya bilər. Amma yenə də Ermənistan parlamentində vəziyyətə real baxan insanların olacağı az ümidvericidir.
Gürcüstan-Azərbaycan-Türkiyənin üçtərəfli əməkdaşlıq formatının nəticələrini hər kəsə nümunə kimi dəyərləndirən xarici işlər naziri David Zalkaliani Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qarsa dəmir yolu, TANAP və TAP layihələrinin həyata keçirilməsini regional əməkdaşlıqdan yaranan inkişafın ən mütərəqqi nəticələri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Gürcüstanın əməkdaşlıq siyasəti dəyişməzdir. Bölgə dövlətlərinin bir-birinə yaxınlaşmasının vacib və alternativsiz olduğunu diqqətə çatdıran gürcüstanlı nazir vurğulayıb ki, əsas məqsəd region dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsidir, “Biz beynəlxalq layihələrdə birgə fəaliyyətə üstünlük verməliyik. Gürcüstan, Azərbaycan və Ermənistan Xəzər və Qara dənizləri arasında önəmli layihələrdə tərəfdaş ola bilərlər. Biz bu gün bu mövzuları düzgün qiymətləndirməliyik. İşğaldan azad edilmiş minalanmış ərazilərin bir hissəsinin xəritələrinin bu yaxınlarda Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycana verilməsi və saxlanılan 15 erməninin bunun müqabilində Ermənistana qaytarılması Gürcüstanın iki dövlət arasında əlaqələrin bərpa edilməsində mühüm xidmətinin olacağına işarədir və biz bu tendensiyanın davam etdirilməsini istəyirik”, – deyə D.Zalkaliani qeyd edib.
Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda bölgədə sülh və tərəqqi üçün yeni əməkdaşlıq imkanları yaranıb. İnkişaf və rifahın yeganə yolu sülhdən keçir. Münaqişələr olan yerdə əməkdaşlığın müzakirəsi yersiz və faydasızdır. Ona görə də Ermənistan tərəfi mövcud reallığı düzgün qiymətləndirərək qarşılıqlı faydalı əməkdaşlıq yolunu tutmalıdır. Vurğulanıb ki, əgər region dövlətləri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf edərsə, bölgəyə kənar təsirlər də azalar.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar” mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu çərçivəsində hazırda bütün dünyanı düşündürən və narahat edən məsələlər ətrafında müzakirələr aparılır.
İyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun yekunu ilə bağlı mətbuat konfransı keçirəcək.