14 apreldə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində səhnəyə çıxaraq, Bayrağımızı qapan və onu yandıran Aram Nikolyan Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla şəxsi münasibətlərə malikdir.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Anna Akopyan Ermənistanın 4 geyim brendi içərisində Aram Nikolyanın “Nikolyan” brendinə xüsusi diqqət ayırıb və onun ofisini 2019-ci il 29 apreldə ziyarət edib. Akopyan həmçinin Nikolyana bu brendi dünyaya çıxarmaq üçün dəstək söz verib.
Erməni mediası istisna etmir ki, Anna Akopyan geyim tərzində də Nikolyanın yardımından istifadə edir.
Qeyd edək ki, Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub.
Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.
O, 2013-cü ildən Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri vəzifəsini daşıyır. Ağır atletika üzrə Avropa çempionatının 14 apreldə baş tutan açılış mərasiminin təşkilatçılarından biridir və yüksək qonorara müqavilə imzalayıb: Azərbaycan bayrağı olan libasların dizaynının da hazırlanması və tikilməsi ona tapşırılıb və o, buna görə 18,9 milyon dram (təxminən 50 min dollara yaxın) almalıdır, artıq 12,3 milyon dramını alıb.