Ankara NATO-nun Türkiyənin milli təhlükəsizlik risklərini nəzərə almasını gözləyir – Ərdoğan

Ankara NATO üzrə müttəfiqlərindən Türkiyənin milli
təhlükəsizliyinin tələblərini nəzərə almasını və bu məsələdə
dəstəyini gözləyir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələri fonunda NATO Şərq
cinahını gücləndirməyə çalışır.

R.T.Ərdoğan qeyd edib ki, Ankaranın NATO müttəfiqlərindən
gözlədiyi tək şey Türkiyə sərhədinin təhlükəsizliyi üçün atılan
addımlara hörmətlə yanaşmaqdır.

“Ölkəmiz Şimali Atlantika Alyansı çərçivəsində üzərinə düşən
öhdəlikləri hər zaman yerinə yetirib. Eyni zamanda, fikrimizcə,
NATO-ya üzvlük müraciətinə Türkiyə tərəfindən dəstək gözləmək və
eyni zamanda terrorçulara yardım etmək, ən azı, qeyri-ardıcıllığın
göstəricisidir”, – deyə R.T.Ərdoğan bildirib.

Türkiyə lideri vurğulayıb ki, NATO-nun təhlükəsizlik baxımından
əhəmiyyətini azaltmaq cəhdləri qəbuledilməzdir.

Onun sözlərinə görə, NATO-nun genişlənməsi Türkiyənin
maraqlarına hörmət göstərildiyi təqdirdə bu ölkə üçün
əhəmiyyətlidir.

“Türkiyə NATO missiyalarına ən çox töhfə verən ölkələr
sırasındadır. Lakin bu o demək deyil ki, biz istənilən təşəbbüslə
qeyd-şərtsiz razılaşacağıq. (İsveç – red.) terrorçuları Ankaraya
təhvil vermədən NATO-ya daxil olmaq məsələsinə Ankaranın dəstək
verəcəyini necə gözləyə bilər?”, – deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, PKK/YPG terrorçuları və onların əlaltıları
hələ də bir sıra ölkələrin küçələrində açıq-aşkar dolaşırlar və
polis onları müdafiə edir.