Son günlər Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına dair müxtəlif fikirlər səslənməkdədir. Mövzunu aktual edən hadisələr isə iyul ayının 7-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etməsi və geri qayıdarkən “Azov” batalyonunun 5 komandirini özü ilə aparması, türk liderin “Ukrayna NATO üzvü olmağa layiqdir” deməsi və iyulun 10-da Vilnüsda İsveçin Alyansa qəbul olunmasına razılıq verməsidir. Bəzi ekspertlər Ankaranın bu manverlərinin Moskva ilə münasibətlərə xələl gətirdiyini iddia edirlər.
Doğrudur, Kremldə Ankaranın “Azov”un 5 komandirini Ukraynaya təhvil verməsi xoş qarşılanmadı. Hətta Türkiyənin Rusiya ilə əsirlərin mübadiləsi zamanı iki dövlət arasında əldə olunmuş razılaşmanın şərtlərini pozduğu vurğulandı. Eyni zamanda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Türkiyə tərəfindən baş verənlərlə bağlı açıqlama alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq” deyə, bundan sonra Moskvanın Ankaraya tam inanmayacağını da dolayısı ilə dilə gətirdi.
Bununla yanaşı, Peskov ölkəsinin Türkiyə ilə çoxvektorlu əlaqələr üzrə münasibətlərini davam etdirməkdə maraqlı olduğunu da vurğuladı. Bu isə o deməkdir ki, Putinin sözçüsü Ankaranın atdığı addımların “ağrılı olması”na baxmayaraq, Rusiya ilə Türkiyə arasında əlaqələrin davam edəcəyinə işarə etdi.
Maraqlıdır, Türkiyənin məlum addımlarına Moskva niyə daha aqressiv reaksiya vermədi?
Əlbəttə, Kremli əməkdaşlığa sövq edən əsas səbəb ilk növbədə Rusiyanın düşdüyü vəziyyətdir. Məlum olduğu kimi, Rusiya hazırda dünya tərəfindən siyasi, iqtisadi, hərbi, hətta mədəni və idman sahəsində təcrid vəziyyətinə salınıb. Küncə sıxışdırılmış Rusiya ilə bir neçə barmaqla sayılacaq ölkə əməkdaşlıq edir. Onlardan da biri və əsası Türkiyədir.
Türkiyə indiki vəziyyətdə Rusiyanın əməkdaşlıq etdiyi digər ölkələrlə müqayisədə Kreml üçün daha vacib partnyor hesab olunur. Çünki Türkiyə NATO üzvüdür, Avropa Birliyinə can atır, buna baxmayaraq, Ankara Qərbin diktəsi ilə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Əksinə, Türkiyə lazım gəldikdə öz dövlət maraqlarına uyğun olaraq, bəzi hallarda Rusiyanın istəklərini müdafiə edə bilir. Ankaranın bu cür davranışı şübhəsiz ki, Moskvanın siyasəti ilə tam üst-üstə düşür.
İkincisi, Moskvanın Türkiyə ilə əlaqələrini davam etdirməkdə maraqlı olması ikincinin regionda və beynəlxalq aləmdə oynadığı aktiv rolla bağlıdır. Xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Ankaranın apardığı siyasət və sərgilədiyi mövqe bu ölkənin siyasi çəkisini ciddi mənada yüksəldib. Ərdoğan dünyada yeganə liderdir ki, BMT kimi bir qurumun və bütövlükdə Qərbin nüfuz edə bilmədiyi Putinə sözünü keçirə bilir. Eyni zamanda Moskvanın istəklərini qarşı cəbhəyə çatdırır. Bunu parçalanmış dünyanın hər iki tərəfi də qəbul edir. Türkiyə Qərblə-Şərq arasında körpü rolunda çıxış edən yeganə ölkədir. Həm kollektiv Qərb üçün, həm də Rusiya üçün Türkiyənin hazırkı mövqeyi yüksək qiymətləndirilir.
Bu səbəbdən “oksigen çatışmazlığ”ından əziyyət çəkən Moskva Türkiyəyə həm də “nəfəslik kimi” baxmağa məcburdur.
Üçüncüsü, iqtisadi əlaqələrlə bağlıdır ki, bu məsələ Kreml üçün həyati əhəmiyyət daşıyır. Çünki Rusiyaya öz qazını və neftini dünya bazarına çıxararaq satmaq və gəlir əldə etmək daha vacibdir. Xüsusilə indiki halda hava-su kimi lazım olan Türkiyədə qaz habı qurmaq perspektivi Rusiya üçün çox mühümdür. Kreml dərk edir ki, Qərbin diktəsi ilə oturub-durmayan və enerji mərkəzi halına gəlməkdə olan Türkiyə ilə əlaqələri kəsmək ciddi nəticələr doğura bilər…