Ankara 25-26 mart tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin sammitindən Türkiyə ilə əməkdaşlığı genişləndirmək üzrə konkret addımlar gözləyir.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Şarl Mişel ilə videokonfrans rejimində görüşü zamanı deyib.
T.Ərdoğan qarşıdakı Aİ sammiti iştirakçıları tərəfindən müzakirə edilməsi planlaşdırılan Türkiyə ilə bağlı hesabatın obyektivliyinə ümid etdiyini bildirib: “Türkiyə bu sənədin Ankara ilə Aİ arasındakı münasibətlərdə müsbət gündəliyə yol açacaq konstruktiv təşəbbüslərdən ibarət olacağına ümid edir”.
Türkiyə Prezidenti qeyd edib ki, yüksək səviyyədə dialoqun bərpası və miqrasiya razılaşmasının yenilənməsi vacibdir: “Türkiyə ilə Avropa İttifaqı arasında yeni Gömrük Sazişinin icrasına başlanılması və Aİ tərəfindən Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.