Əbülhəsən Anaplı Məmmədov Azərbaycan teatrının ilk parodiya aktyorlarından biridir. Bəzi mənbələrdə, afişa və proqramlarda onun soyadı “Anaplinski” kimi də göstərilib. O, ilk dəfə səhnəyə 1911-ci ildə çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat paylaşıb.
“Cəfər Cabbarlı Anaplı haqqında “Əbülhəsəni yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir. Nə qədər böyük və ali bir məclis olursa olsun, nə qədər məşhur və müqtədir sənətkarlar o məclisdə icrai-məharət edirlərsə etsinlər, Əbülhəsən onların həpsini ikinci dərəcəyə buraxacaqdır” deyə yazır.
Ə.Anaplı sənət dostu Mir Paşa Sadıqovla kiçik təbliğat dəstəsi ilə 1921-ci ilin fevralında Qarabağın Keşiş kəndində çıxış edəndən sonra gecəykən kəndə hücum edən ermənilər tərəfindən qətlə yetirilir. Bu barədə saytlarda məlumat gedir. Ancaq aktyorun ermənilərin qəzəbinə niyə tuş gəldiyini qeyd olunmur.
Nəriman Nərimanov fevral ayında aktyorlar Ə.Anaplı, M.P.Sadıqov və Əli İslamı yanına çağırıb Qarabağda konsert vermələrini tapşırır. Konsertə gedən aktyorların xərcini də özü çəkir. Gedəndə tapşırır ki, mütləq şəkildə daşnakları və müsavatçıları parodiya etsinlər. Ermənilərə və azərbaycanlılara göstərsinlər ki, bolşeviklər onları kimlərdən xilas ediblər.
Fevral ayının 12-də Kəlbəcərə gələn aktyorlar ilk səhnəni Keşiş kəndində göstərməli idilər. Onları isə müşayiət edən Şuşanın Malıbəyli kənd sakini İsfəndiyar Hacı Məmməd oğluydu. 13 fevralda kənddə səhnə qurulur və aktyorlar çıxış edirlər. Ə.Anaplı və M.P.Sadıqov müsavatçıları parodiya edirlər, sonra isə ermənilərin “qulağı kəsik qəhrəmanı Androniki”. Tamaşa bitəndən sonra Şuşaya doğru getmək istəyəndə kəndin çıxışında onları ermənilər mühasirəyə alır və dörd nəfəri də yerindəcə güllələyirlər. Aktyorların nəşini Bakıya gətirib dəfn edirlər”, – tarixçi qeyd edib.