“Anadolu atəşi”ndən Bakıda möhtəşəm şou – Foto

“Anadolu atəşi”ndən Bakıda möhtəşəm şou – Foto

Fevralın 19-da “Baku Crystal Hall”un səhnəsində Türkiyənin dünya şöhrətli, əfsanəvi “Anadolu atəşi” rəqs kollektivinin növbəti möhtəşəm rəqs şousu təşkil olunub.

AzerTimes xəbər verir ki, əvvəlcə Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olunub və “Anadolu atəşi”nin kollektivi faciə qurbanlarının xatirəsini səhnəciklə yad ediblər.

Ansamblın öz qeyri-adi şou proqramına yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.

Rəqs kollektivi şoularında solo nömrələr, kütləvi dramatik səhnələr ifa etməklə yanaşı, “canlanan” dekorasiyalar qurub və qədim əfsanələri səsləndirib.

Azərbaycanda bir neçə dəfə möhtəşəm proqramla çıxış edən “Anadolu atəşi” həmişə olduğu kimi, bu dəfə də auditoriyanın rəğbətini qazanıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar vaxtı dəyişdirilən şou-proqramdan əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə ayrılacaq.

Xatırladaq ki, 2002-ci ildə qastrol səfərlərinə başlayan qrup dünyanı gəzib. “Anadolu atəşi” 106 ölkədə 50 milyona yaxın tamaşaçı tərəfindən izlənilib. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin bu ölkələrdən yalnız bəziləridir.

“Anadolu atəşi” qonaq qismində davamlı olaraq dünya səviyyəli tədbirlərdə iştirak edir ki, bunlara misal olaraq Bəhreyndə keçirilən “Formula-1” yarışlarını, Qətərdə Asiya Olimpiya Oyunlarını, 2008-ci il Olimpiadasını və Çində keçirilən Asiya Sivilizasiyalarının Mədəniyyət Karnavalını, İstanbulda UEFA Kubokunun finalını göstərmək olar.

Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Ən sürətli rəqs performansı (dəqiqədə 241 pa) və ən böyük tamaşaçı auditoriyası (Türkiyədə Ereqlidə 400 min tamaşaçı) qrupun bu günə qədər əldə etdiyi nailiyyətlərdən bəziləridir.

Teqlər: