Ötən gün Kür çayında batan ana və iki övladı ilə bağlı yeni faktlar məlum olub.
AzerTimes Xəbər - vs-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 15 yaşlı Aqşin Kərimov Kürdə çimən zaman baş verib.
Belə ki, ailənin kiçik övladı Aqşin çayda çimərkən qəflətən batmağa başlayıb. Bu zaman Aqşinin anası Günay Kərimova oğlunu xilas etmək üçün özünü çaya atıb. Anası və qardaşının boğulduğunu görən Nurlan Kərimov da onları xilas etmək üçün çaya girib. Ancaq hər üç şəxs çayda boğulub. Daha sonra ailə başçısı Elbrus Kərimov ailəsini xilas etməyə cəhd edib. Bu zaman boğulduğunu görən Elbrus Kərimov son anda xilas olaraq çaydan çıxa bilib.
Kürün Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində anası və qardaşı ilə birgə batan Nurlan Elbrus oğlu Kərimovun 20 yaşı var imiş. O, Qazax rayonu Canalı kənd orta məktəbini bitirib. Orta məktəbdə dərslərini yaxşı oxuyan Nurlan eyni zamanda aşıq dərsləri də alıb. O, rayonda aşıq Nurlan Qazaxlı kimi tanınıb. Rayonda keçirilən bir çox mədəniyyət tədbirlərində, o cümlədən məclislərdə öz sazı ilə çıxış edərək müxtəlif ifalar səsləndirib. Nurlan Kərimov Sumqayıt Musiqi Kollecinin məzunu olub.
Nurlan evin ən böyük övladı olub. Onun çayda batan Aqşindən başqa Ruslan adlı qardaşı da var imiş. Kiçik qardaşı Aqşin Elburus oğlu Kərimov Nurlandan 5 yaş kiçik olub. Anaları Günay Valeh qızı Kərimovanın 38 yaşı olub. Günay Kərimova əslən şəmkirlidir. Onun həyat yoldaşı Elbrus Kərimov isə Qazax rayonunun Canalı kəndindəndir.