Amsterdamda Albert Aqarunova həsr olunmuş beynəlxalq poçt markası buraxılıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə bu ölkədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb.

Bu barədə AzerTimes-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

“Azərbaycanın inciləri” layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsi uğrunda həlak olan etnik yəhudi Albert Aqarunovun şəkli təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

S.Rəvanqızı bildirib ki, məqsədi niderlandlıların diqqətini Azərbaycanın hər zaman multikultural və tolerant ölkə olduğuna, burada bir ailə kimi yaşayan bütün millətlərin ölkəmizin çiçəklənməsinə öz töhfələrini bəxş etməklə yanaşı, düşmənə qarşı bir yumruq kimi birləşdiyinə cəlb etməkdir.

Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə, “Xarı bülbül” çiçəyinə, Xalq rəssamı Sakit Məmmədovun əsərlərinə həsr olunmuş poçt markaları buraxılıb.

Teqlər: