Amnistiya aktına düşən, lakin azadlığa buraxılmayan bəzi məhkumlarla bağlı məsələyə aydınlıq gətirilib

Xəbər - Samir Əli – Trend:

Amnistiya aktının şamil olunduğu şəxslərin sənədləri ilkin olaraq araşdırılır və şəxsi işlər öyrəniləndən sonra qərar verilir.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, elə məhkumlar var ki, amnistiyaya düşsə də bəzi başqa məqamlar ortaya çıxır:

“Məsələn elə maddələr var ki, həmin maddə üzrə məhkum olunanlar barədə məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunmalarla bağlı araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Aktın 17 min məhkuma şamil edilməsi gözlənilir.

Teqlər: