Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda elan edilməsi nəzərdə tutulan növbəti amnistiya aktı Prezident İlham Əliyev tərəfindən 8 Noyabr – Zəfər Günü ərəfəsində xalqa böyük hədiyyədir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, bu amnistiya aktı xüsusi önəm kəsb edir və xalqımızın yeni tarixi bir gününə, 8 Noyabr – Zəfər Gününə həsr olunur:
“Ona görə də hesab edirəm ki, bu amnistiya aktı xalqımız üçün ikiqat sevinclidir. Amnistiya aktının həm də Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsi eyni zamanda Azərbaycanda şəhidlərin ruhuna böyük ehtiramın və müharibə əlillərinə böyük diqqətin təzahürüdür”.
Deputat vurğulayıb ki, bu amnistiya şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir: “Bildiyiniz kimi amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.
Bu çox böyük bir humanist addımdır və koronavirus səbəbindən yaşadığımız çətin günlərdə və xalqımızın Zəfər bayarmının ilk ildönümü ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu. Bu akt xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Amnistiya aktı eyni zamanda milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Bu aktın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır.
Amnistiyaya düşən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.
Qeyd edək ki, 8 noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsü irəli sürülüb. Amnistiya sənədinin Milli Məclisin noyabrın 5-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılması nəzərdə tutulur.