“Amnesty İnternational” kimi bəzi beynəlxalq təşkilatlar hər zaman Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

UEFA Avro-2020 çərçivəsində Danimarka-Çexiya oyunu ərəfəsində “Amnesty İnternational” təşkilatının Azərbaycan haqqında yaydığı absurd məlumat ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, Azərbaycan multikultural dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından dünyada nümunəvi bir ölkədir:

“Azərbaycanın müstəqil, güclü olmasını bəzi dairələr həzm edə bilmir, bunu biz hər zaman görmüşük. Bəzi beynəlxalq təşkilatlar hər zaman Azərbaycana qarşı ikili standartlardan çıxış ediblər və ölkəmizə qarşı qarayaxma və böhtan kampaniyası aparırlar. Xüsusən də belə qarayaxma və böhtan kampaniyaları ölkəmizdə həyata keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində daha da çoxalır.

Bu günlərdə UEFA Avro-2020-nin dörd oyununun Bakıda keçirilməsi və bura gələn idmançılar, azarkeşlər üçün bütün münbit şəraitin yaradılması, xalqımızın qonaqpərvərliyi bəzi dairələri ciddi narahat edir və bu baxımdan da Danimarka-Çexiya oyunu öncəsi yenə də növbəti şouya başlanılıb və “Amnesty İnternational” təşkilatı yalan məlumarlarla növbəti qarayaxma kampaniyasına başlayıb”.

Deputat bildirib ki, Azərbaycanda azad media, çoxlu sayda siyasi partiyalar, qeyri-hökumət təşkilatları var və onlar hər biri sərbəst şəkildə fəaliyyət göstərir:

“Azərbaycanda polis zorakılığı yoxdur. Ancaq zaman zaman elə Danimarkanın özündə, özünü demokratiyanın beşiyi adlandıran Avropanın digər ölkələrində insanların aksiyalar zamanı polis tərəfindən vəhşicəsinə döyülməsini, jurnalistlərin, siyasi oponentlərin təqib edilməsini görürük. Amma Azərbaycanda bunların heç biri yoxdur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilməyənlər ölkəmiz haqqında yalan məlumatlar yayaırlar ki, guya Azərbaycan erməni hərbi əsirlərə qarşı vəhşilik göstərib. Bunlar hamısı absurddur. Nədənsə “Amnesty İnternational” Xocalı soyqırımı ilə bağlı heç nə demir, Azərbaycan ərazilərinə basdırılmış minalarla bağlı Ermənistan tərəfinə heç bir təzyiq göstərmir, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə heç maraqlanmır.

Müharibə zamanı Ermənistan tərəfi müharibə zonasından uzaqda yerləşən şəhərlərimizi qadağan olunmuş ballestik raketlərlə atəşə tutdular və 400-ə yaxın mülki insan həlak oldu və yaralandı, yüzlərlə ev, sosial obyektlər, infrastruktur dağıdıldı. Bütün bunları törədən Ermənistan idi. Nədənsə “Amnesty İnternational” gözlərini kor edib, qulaqlarını kar edib, dilini lal edib bu barədə heç nə demir. Onlar saxta və böhtan dolu bəyanatları erməni lobbisinin diqtəsi altında edirlər”.

Teqlər: