2022-ci ilin 17 may tarixində AMEA İqtisadiyyat İnstitutu və
Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə
“Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya
siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib.
MDU-dan AzerTimes-a
verilən məlumata görə, konfransda AMEA İqtisadiyyat İnstitutunun
bir qrup alimi, universitetin professor-müəllim heyəti üzvləri,
tələbələr və magistrantlar iştirak ediblər.
Əvvəlcə, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, AMEA
İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov və Mingəçevir
şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş sözü ilə
çıxış ediblər.
Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov
aktual mövzuya həsr edilmiş elmi tədbirin təşkilində əməyi olan hər
kəsə, o cümlədən göstərdikləri dəstəyə görə AMEA İqtisadiyyat
İnstitutunun və Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə
təşəkkürünü bildirib.
Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin
qətiyyətli siyasəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı
sayəsində qazanılan tarixi Zəfərdən sonra bölgədə yeni geosiyasi
reallıqların yarandığını qeyd edən Ş.Bayramov post-konflikt
dövrünün yeni imkanlar formalaşdırması ilə yanaşı, mühüm çağırışlar
da doğurduğunu diqqətə çatdırıb.
Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri
və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən
danışan rektor Azərbaycanın dayanıqlı və innovativ inkişafı,
işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və digər aktual
mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi
birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi
daşıdığını vurğulayıb. Konfransda AMEA İqtisadiyyat İnstitutunun
alimlərinin də iştirak etdiyini qeyd edən Ş.Bayramov proqrama daxil
olan məruzələr ətrafında maraqlı elmi müzakirələrin aparılacağına
əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu
ifadə edən AMEA İqtisadiyyat İnstitutunun baş direktoru N.İmanov
konfransa dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü
bildirib. Paytaxdan kənarda, regionlarda elmi mühitin
formalaşmasının mühüm əhəmiyyətindən danışan N.İmanov bu baxımdan
birgə konfransın keçirilməsi ilə bağlı MDU-nun təşəbbüsünü yüksək
qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim
açıq olduqlarını qeyd edib.
Səbatlı, dayanıqlı və davamlı inkişafın təmin olunmasının dövlət
siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran N.İmanov
konfransın mövzusunun aktuallığından söhbət açıb. Hazırda ölkə
başçısının davamlı inkişaf sahəsində müəyyən etdiyi prioritetlərlə
bağlı tədqiqatların aparılmasının elmi-tədqiqat və ali təhsil
müəssisələrində elmi fəaliyyətin başlıca istiqamətlərini təşkil
etdiiyini vurğulayan İnstitutun baş direktoru son dövrdə MDU-da
belə mövzulara xüsusi önəm verilməsini təqdirəlayiq hesab edib.
Doğma Qarabağın dirçəlişindən və uzunmüddətli perspektivdə onun
müqayisəli üstünlüklərinin artırılmasından bəhs edən N.İmanov
bununla bağlı elmi cəhətdən əsaslandırılmış strateji baxışların
ortaya çıxarılması məqsədilə rəhbərlik etdiyi İnstitutda aparılan
elmi tədqiqatların vəziyyəti barədə məlumat verib. Bu istiqamətdə
elmi potensialın inkşaf etdirilməsində müxtəlif formatda keçirilən
elmi tədbirlərin əhəmiyyətindən danışan N.İmanov konfransın davamlı
olmasını arzulayıb.
AMEA İqtisadiyyat İnstitutu və MDU arasında əməkdaşlıq
çərçivəsində Mingəçevirdə belə bir elmi konfransın təşkilindən
məmnunluq hissi keçirdiyini bildirən Mingəçevir şəhər İcra
Hakimiyyətinin başçısı İ.İsmayılov hər iki qurumun rəhbərliyinə və
əməkdaşlarına təşəkkür edib.
Konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıran
İ.İsmayılov bu gün Azərbaycanın uğurlu davamlı inkişaf modelinin
əsasında ümummilli lider, müstəqil dövlətçiliyimizin memarı Heydər
Əliyevin uzaqgörən siyasəti və ideyalarının, onun titanik
fəaliyyətinin nəticələrinin dayandığını qeyd edib.
Möhtərəm Prezident İlham Əliyevin düşünülmüş, ardıcıl və
sistemli siyasəti sayəsində ölkəmizin yeni keyfiyyət mərhələsinə
qədəm qoyduğunu, möhtəşəm qələbələrə və nailiyyətlərə imza atdığını
vurğulayan icra başçısı müasir dövrün çağırışlarının elmi əsaslarla
təhlili və həllində elm ictimaiyyətinin, alimlərin üzərinə böyük
vəzifələr düşdüyünü deyib. Tarixi Zəfərdən dərhal sonra işğaldan
azad edilmiş ərazilərdə sürətli, irimiqyaslı bərpa və quruculuq
işlərinin həyata keçirilməsinin dövlətin qüdrətinin göstəricisi
olduğunu bildirən İ.İsmayılov proqramda bununla bağlı mövzulara
geniş yer ayrılmasını müsbət dəyərləndirib, konfrans
iştirakçılarına və məruzəçilərə uğurlar arzulayıb.
Sonra, konfransda elmi məruzələr dinlənilib. AMEA İqtisadiyyat
İnstitutundan Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin
rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev
“Post-konflikt ərazilərin bərpası və yenidən qurulmasının
maliyyələşməsində dövlət-özəl əməkdaşılığı”, Xidmət sektorunun
iqtisadiyyatı şöbəsinin müdiri, professor Müşviq Atakişiyev
“Dördüncü sənaye inqilabı kontekstində Azərbaycan sənayesinin
inkişaf prioritetləri” və icraçı direktor vəzifəsini icra edən,
dosent Allahyar Muradov “Azərbaycanın innovativ iqtisadi
inkişafının mühit çərçivəsi: real vəziyyət və perspektivlər”
mövzusunda çıxış ediblər. MDU əməkdaşlarından isə Sənayenin təşkili
və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova
“Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya”,
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə
Qədimli “Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığında
regional universitetlərin rolu”, İqtisadiyyat kafedrasının baş
müəllimi Arif Tağıyev “İşğaldan azad edilmiş ərazilərin bərpası
istiqamətində dövlətin regional siyasətinin yeni prioritetləri” və
İqtisadiyyat kafedrasının müəllimi Vüqar Məmmədli “Milli
Prioritetlərin reallaşdırılmasının maliyyə təminatının əsas
mənbələri” mövzusunda məruzələrini diqqətə çatdırıblar.
Böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir
mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları
cavablandırılıb.
Konfrans çərçivəsində AMEA-nın İqtisadiyyat İnstitutu və
Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum elmi potensialın
gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər
üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva
edir.
Konfransdan sonra iştirakçılar “Azərbaycan” İstilik Elektrik
Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası və Mingəçevir Sənaye
Parkını ziyarət ediblər, burada təşkil olunan istehsal prosesi ilə
yaxından tanış olublar.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi
fəaliyyətin səmərəliliyinin artırılmasına, davamlı və dayanıqlı
inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi
araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə
elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə,
2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən
“Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub.
Eləcə də, universitetdə “Davamlı inkişaf strategiyası: qlobal
trendlər, milli təcrübələr və yeni hədəflər” adlı ilk beynəlxalq
konfrans keçirilib, “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar”
Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı Elmi Şura tərəfindən
qərar qəbul olunub.