AMEA ilə AFAD Qarabağda seysmik stansiya qurur

AMEA ilə AFAD Qarabağda seysmik stansiya qurur

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq yaradılan Şuşa-Daşaltı Dərin Quyu seysmik stansiyasında aparılan quruculuq işləri ilə yerində tanış olub.

Bu barədə AzerTimes-a AMEA-dan bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli yeni qurulan stansiyada görülmüş işlər barədə ətraflı məlumat verib. Həmçinin stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin layihəsini təqdim edib.

Qeyd olunub ki, Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi əsasən başa çatdırılıb. Artıq bir neçə gündür ki, burada qeydə alınmış ilkin məlumatların Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna ötürülməsinə başlanılıb. Mərkəzdə isə məlumatların qeydə alınması, təhlili və proqnozlaşdırılması prosesinə start verilib. Yaxın günlərdə Şuşa-Daşaltı Seysmoloji stansiyasının ətrafında xidməti-texniki infrastrukturun yaradılması, giriş yolunun abadlaşdırılması və yaşıllıq sahəsinin salınması üzrə işlər aparılacaq.

Burada yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzinin layihəsi barədə də fikirlərini bölüşən AMEA rəhbəri stansiya ətrafında istinad divarlarının hörülməsi, müvafiq iş şəraitinin yaradılmasının vacibliyini bildirib, qurumun istifadəyə verilməsi işinin sürətləndirilməsi barədə tapşırıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Qarabağın işğaldan azad edilmiş ərazilərində və Şərqi Zəngəzurda 8 yerdə seysmoloji stansiya quracaq.

Teqlər: