AMEA-da güneylilər üçün panel təşkil edildi

AMEA-da güneylilər üçün panel təşkil edildi

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Güney Azərbaycan və Türk dünyası” mövzusunda panel təşkil edib.

Bu barədə AzerTimes-a tədbirə qatılan güneyli məruzəçilər məlumat verib.

Məlumata görə, panelin moderatoru Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad Güney Azərbaycan ədəbiyyatı haqqında məlumat verərək, qonaqları təqdim edib.

Paneldə Cənubi Azərbaycandan olan şairlər çıxış edib.

Güneyli jurnalist və şair Məsud Haray çıxışında İranda yaşayan azərbaycanlıların problemlərindən də bəhs edərək, mövcud maneələrə baxmayaraq, ədəbiyyatçıların inadla mübarizə apardığını vurğulayıb.

İsveçdə mühacir həyatı yaşamağa məhkum edilən güneyli tərcüməçi və publisist Abdulla Əmir Haşimi Cavanşir Güney Azərbaycanda yaranan ədəbiyyatın əsas mövzularından birinin mücadilə və milli kimlik olduğunu diqqətə çatdırıb.

Güneyli tədqiqatçı alim Məhəmməd Rəhmanifər İranda Azərbaycan türkü olan şairlərin kitab çıxarmağının problemləri məsələsinə də toxunub. Şairlər eyni zamanda milli ruhlu şeirlər də səsləndiriblər.

Teqlər: