Xəbər verildiyi kimi, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülür.
AzerTimes xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsi, sifarişi isə Təfəkkür Universitetinin rektoru olmuş Müşfiq Atakişiyevin verdiyi üzə çıxmışdır.
AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru olan M.Atakişiyev vəzifədən azad edilib və həbs olunub.
Qeyd edək ki, M.Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlində əli olması ilə bağlı məlumatlar ilk gündən yayılırdı, 2015-ci ildə isə bu barədə çoxsaylı faktlar mediada tirajlanmışdı. Əsas məsələ isə niyə bir rektorun öz prorektorunu mübahisəyə görə öldürtməsi idi.
Məsələ burasındadır ki, Tariyel Əhmədov Təfəkkür Universitetinin həmtəsisçilərindən biri idi və əsasnaməyə əsasən, 2013-cü ildə rektor vəzifəsi T.Əhmədova verilməli idi.
Universitetin həmtəsisçilərindən olmuş, adı dələduzluqda hallandırıldığı üçün ölkədən qaçmış Riyad Əliyev hələ o zaman bildirmişdi ki, universitetin həmtəsisçisi, prorektoru Tarıyel Əhmədov rektor Müşfiq Atakişiyevin və digər həmtəsisçi Rahim Hüseynovun birgə qurduqları plana qurban getmişdir.
“Universitetlə həmtəsisçi olan mərhum professor Təfəkkür Universitetində baş verən qanunsuz hallara qarşı çıxdığı üçün Müşfiq Atakişiyev və Rahim Hüseynovla aralarında ciddi narazılıq və fikir ayrılığı olmuşdur. Universitetin əsasnaməsinə görə, 2013-cü ildə rektorluq növbəsi həmtəsisçi Tarıyel Əhmədova çatmalıydı. Belə olduğu halda isə təbii olaraq Müşfiq Atakişiyev və Rahim Hüseynov kənarlaşdırılacaqdı. Hələ rektor olmamışdan öncə aralarında belə ciddi insident yaşanmışdısa, deməli, Tarıyel Əhmədovun rektor olacağı halda Atakişiyevin nələrlə üzləşəcəyini düşünmək çox asandır. Bunu Müşfiq Atakişiyev və Rahim Hüseynov da çox gözəl bilirdi və Tarıyel Əhmədovu hansı vasitə ilə olursa-olsun zərərsizləşdirmək lazım gəlirdi, bunu da tapdılar”, – o demişdi.
Qeyd edək ki, M.Atakişiyev 2016-cı ildə rektor vəzifəsindən istefa verib. Onun bağlı olduğu kriminal olaylar isə yalnız T.Əhmədovun qətli ilə məhdudlaşmır.