Xəbər - İlhamə İsabalayeva – Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının “Elmi Kadrlar” Milli İnformasiya Sistemi istismara təqdim edildikdən sonra ümumilikdə AMEA-nın müvafiq elmi müəssisələrində çalışan 4052 nəfər qeydiyyatdan keçib.
Akademiyadan AzerTimes-a verilən məlumata görə, bu sistem “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradılıb.
Sistem elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.
Sistemdə elmi kadrların müvafiq məlumatlarının mütəmadi olaraq yenilənməsi və məsul şəxslər tərəfindən diqqət mərkəzində saxlanılması vacibdir.