Azərbaycanın Qarabağ Zəfərindən sonra Cənubi Qafqazın 3 ölkəsi Türkiyə, Rusiya və İrandan ibarət altılıq və yaxud da “3+3” əməkdaşlıq platforması gündəmə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib.
O bildirib ki, “3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası – özəyi Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır: “Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb”.
V.Qasımlının sözlərinə görə, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: “Əgər alıcılıq qabiliyyəti pariteti ilə götürsək “3+3” formatı ölkələrinin iqtisadiyyatı 8 trilyon dollara yaxınlaşır və miqyasına görə Çin, ABŞ və Hindistandan sonra 4-cü ən iri iqtisadiyyat sayılır. “3+3” formatı ölkələri 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə ilk yerdədir. Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Xüsusən də qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları genişdir”.
İcraçı direktor hesab edir ki, “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər: “Regionun fraqmentasiyası inkişaf üçün buxovdur. İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət nə qədər əhəmiyyətli məsələdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Məsələn, Azərbaycan ticarət dövriyyəsinin cəmi 2 faizi, Gürcüstanın ticarət dövriyyəsinin 12 faizi və Ermənistanın ticarət dövriyyəsinin 2 faizi Cənubi Qafqazda reallaşdırılır. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət tərəfdaşıdır, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət tərəfdaşı Türkiyədir. İran isə Cənubi Qafqazda yalnız Ermənistanın ticarət dövriyyəsində ilk beşliyə daxildir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.
V.Qasımlının fikrincə, “3+3” formatı Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək gücündədir: “Xüsusən də Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu “altılıq” ölkələrinin inteqrasiyasında mərkəzi mövqeyə malik ola bilər. Çünki Azərbaycanın regionun cənub və şərq hissəsində mövqelənməsi nəqliyyat infrastrukturunun həm meridianlar, həm də en dairələri üzrə şaxələnməsini təmin edir. Məsələn, Rusiya İranla Azərbaycandan keçən “Şimal-Cənub”, İran isə Gürcüstanla Azərbaycandan keçən “Cənub-Qərb” marşrutu ilə bağlana bilir”.
O bildirib ki, dünya neft ehtiyatlarının 14,7 faizi, təbii qaz ehtiyatlarının 42,1 faizi “3+3” formatı ölkələrindədir: “Əgər Rusiya, İran və Azərbaycan daha çox karbohidrogen ehtiyatlarına malikdirsə, Türkiyə, Gürcüstan və Ermənistanda su resursları üstünlük təşkil edir. “3+3” formatı həm də regionun enerji təhlükəsizliyi üçün yeni imkanlar aça bilər. Ermənistan da bu formatdan yararlanaraq, region üçün ekoloji təhdid sayılan atom elektrik stansiyasından imtina edib, yeni formatın gətirdiyi imkanlardan istifadə edə bilər”.
V.Qasımlının rəyinə görə, “3+3” formatı qloballaşmaya nisbətən regionalizmin gücləndiyi bir vaxtda bütün iştirakçıların maraqlarındadır: “Qarabağ probleminin həllindən sonra regionda yaranmış yeni reallıq “altılıq” platforması üçün də zəmin sayıla bilər”.