“Altılı masa”ya şok: Hesabları niyə səhv çıxdı?

“Altılı masa”ya şok: Hesabları niyə səhv çıxdı?

HDP-nin də daxil olduğu “Altılı masa”nın dəstəyi ilə seçkiyə girən Kamal Kılıçdaroğlu İYİ Partiyasının tərəfdarlarından kifayət qədər səs toplaya bilmədi. Xüsusilə milliyyətçi və mühafizəkar, ülkücü ideologiyaya mənsub olan seçici prezident seçkilərində səsini Ərdoğan və Sinan Oğana verdi.

AzerTimes xəbər verir ki, bu sözlər “Haber7.com”da Türkiyədəki seçkilərin nəticələri ilə bağlı yayımlanan “Kılıçdaroğluya İYİ Partiyası şoku: Səslər Ərdoğan və Oğana getdi” adlı məqalədə qeyd olunub.

Məqalədə prezidentliyə namizədlər ilə partiyaların topladığı səslər arasında ciddi fərqlərin olmasına diqqət çəkilib:

“Türkiyədəki vilayətlərdə seçki prosesi tək-tək araşdırıldığı zaman isə CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləyən partiyaların parlament seçkilərində qazandığı ümumi səslər ilə prezident seçkilərindəki səslər arasında paralelliyin olmadığı üzə çıxır. Məsələn, Qırıqqalada Kılıçdaroğlu 33%, İYİ Partiyası, CHP və Yaşıl Sol Partiya (keçmiş HDP – red.) birlikdə 37%-dən artıq səs topladı. Uşak vilayətində nəticələr də buna bənzərdir. Belə ki, burada “Altılı masa”partiyaları birlikdə 48%, Kılıçdaroğlu isə 45% səs toplaya bildi. Burdur, Bitlis, Ərzincan, Ordu, Trabzon, Niğde, Nevşəhir, Aksaray, Afyon, Kastamonu, Ərzurum və Konya kimi vilayətlərdə də oxşar nəticələr əldə edilib”.

Təhlildə seçicilərin parlament seçkilərində daha çox öz partiyalarına, prezident seçkiləri məsələsində isə fərqli namizədlərə səs verdikləri qeyd olunub:

“Millət İttifaqı tərəfdarı olan seçicilər bəzi vilayətlərdə parlament seçkilərində dəstəklədikləri partiyaya, prezident seçkilərində isə Ərdoğana səs veriblər. Məsələn, Elazığda Ərdoğan 67,2%, onu dəstəkləyən Cümhur İttifaqı partiyaları isə 56% səs toplayıb. Bu səslər arasındakı fərqin bir hissəsinin Səadət Partiyası və İYİ seçicisindən gəldiyi düşünülür. Şanlıurfa vilayətində də Cümhur İttifaqı partiyaları 55,8%, Ərdoğan isə 62% səs toplayıb. Burada da Ərdoğana “Altılı masa” və Yaşıl Sol Partiya seçicilərinin 2%-dən artığının səs verdiyi təxmin edilir. Ölkənin şərqində və cənub-şərqindəki bəzi vilayətlərdə isə YSP seçicisinin də Kılıçdaroğluya yönəlmədiyi görüldü. Onlar parlament seçkilərində əsasən öz partiyalarına səs verdi, lakin prezident seçkilərində Kılıçdaroğluya üstünlük vermədilər. CHP sədri Ankara, İstanbul, İzmir, Antalya, Muğla, Hatay və Mardin kimi böyük şəhərlərdə onu dəstəkləyən partiyalardan daha çox səs topladı”.

Araşdırmada seçkilərdən fərqli nəticə gözləyən İYİ Partiyası daxilində ruh düşkünlüyünün olduğu vurğulanıb:

“Anket şirkətlərinin 15-20% civarında səs toplayacağını proqnozlaşdırdığı İYİ Partiyasında da səssizlik hakimdir. Sədr Maral Akşənərin də eyni səviyyədə səs toplayacağı düşünülürdü. Seçkilərdə 9,69% səs topladıqdan sonra partiyada ruh düşkünlüyünün olduğu deyilir. Akşənər də seçkidən sonra səssizliyini qoruyur, partiyası isə 33 millət vəkili çıxara bildi. Partiya daxilində seçicilərin MHP-yə axdığı haqqında müzakirələr gedir. Eyni zamanda milliyyətçi ideologiyaya mənsub olan seçicilərin Kılıçdaroğlunu keçmiş HDP, indiki YSP ilə birlikdə olmaqda günahlandırdığı, ona görə də Ərdoğan və ATA İttifaqının namizədi Sinan Oğanı dəstəklədiyi ifadə edilir. Bundan başqa daxildə seçki nəticələrinə görə, partiyanın yox, namizədlərin qazandığı haqqında şərhlərin verildiyi qeyd olunur”.

Teqlər: