Xəbər - Fərid Zöhrabov, Samir Əli – Trend:
Altıağac Milli Parkında Cənnət Bağı istirahət mərkəzinin zooparkındakı zubrların saxlanılma şəraiti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Mərkəzin direktoru Anar Rüstəmov Trend-ə açıqlamasında bildirib ki, mərkəzdəki heyvanxanada (mini zoopark) 2-si dişi, 1-i erkək olmaqla, 3 zubr (bizon) var: “Dişi bizonlardan biri hələ 3 yaşındaykən, 13.01.2013 tarixdə heyvanxanamıza Rusiyanın Altay vilayətindən marallarla birlikdə gətirilib. Hazırda həmin zubrun 8 yaşı var. Gətirildiyi il elə heyvanxanamızda bala verib. Balasının (dişi) isə hazırda 5 yaşı var.
Zubrlar hazırda 0.25 hektar ərazidə heyvanın xüsusiyyətlərinə uyğun şəraitdə saxlanılır.
Yonca və üyüdülmüş arpa ilə gündə 3 dəfə yemlənir. Bütün heyvanlar kimi qida rasionuna (mövsümdən aslı olaraq ) minerallar əlavə edilir. Alış qaiməsini (rus dilində) sizə təqdim edirik”.
A.Rüstəmov qeyd edib ki, heyvanxanada zubrların şəraitsiz vəziyyətdə saxlanılması, onların lazımı qida ilə təmin olunmaması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir: “İstənilən şəxs istənilən vaxt istirahət mərkəzinin ərazisindəki heyvanxanaya daxil ola və zubrlarla yanaşı, digər heyvanların saxlanma şəraiti ilə maraqlana bilər. Yayılan məlumatlar qərəzlidir.
Qaldı ki heyvanxanada qonur ayının saxlanılma şəraitinə, nəinki həmin ayı, orada saxlanılan maral və digər heyvanların da saxlanılma şəraitini istənilən ziyarətçilərə təqdim edə bilərik”.
Xatırladaq ki, sosial şəbəkələrdə Altıağac Cənnət Bağı istirahət mərkəzində zubr və qonur ayının acınacaqlı şəraitdə saxlanılması ilə bağlı məlumatlar yayılıb.