Altı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan
edir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, şəhərlərarası sərnişindaşıma bazarında rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin
tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq
Bakı – Masallı, Bakı – Lənkəran, Bakı – Astara, Bakı – Sabirabad,
Sabirabad – Bakı, Bakı – Horadiz şəhərlərarası müntəzəm avtobus
marşrutları müsabiqəyə çıxarılır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası
Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3
aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri
24 iyun 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu
isə 08 iyul 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 14 iyul 2022-ci il tarixində
müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və
onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri
səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə
bilərlər.

Müsabiqədə iştirak etmək üçün əlaqələndirici şəxslərə (Ramil
Musayev – tel.: +99412 566 48 31, e-poçt:
[email protected]; Nazim İsmayılov – tel.: +99412 514 27
51, e-poçt: [email protected]) müraciət etmək olar.

Əlavə edək ki, 31 mart 2022-ci il tarixində elan edilmiş
müsabiqədə Bakı – Sabirabad – Bakı marşrutu üzrə iki nəfər fiziki
şəxs – Ağaşirin Tapdıq oğlu Qasımov və Ramin Xələf oğlu Baxşıyev,
Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər fiziki şəxs – Əjdər
Həsənqulu oğlu Quliyev müraciət edib. Bakı – Sabirabad – Bakı
marşrutu üzrə müraciət edən fiziki şəxs Ağaşirin Tapdıq oğlu
Qasımov komissiya üzvlərindən ən çox bal toplayaraq qalib elan
olunub. Bir avtonəqliyyat vasitəsi olduğu üçün onunla bir reys üzrə
daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün
qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.

Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər müraciət etdiyi
üçün Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və
beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb
olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.7-ci
maddəsinə əsasən fiziki şəxs Əjdər Həsənqulu oğlu Quliyev qalib
müəyyən olunub. Onunla hər iki reys üzrə daşıyıcı qismində
sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç
ilədək müddətə müqavilə imzalanıb.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası
marşrut xətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq
mərhələli qaydada müsabiqəyə təqdim edəcək. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində
şəffaflığın təmin edilməsidir.

Teqlər: