Nur-Sultan. Sədrəddin Ağcayev – Trend:
“Alstom Transport” şirkətinin istehsal etdiyi sonuncu 2 lokomotivin yekun sınaqları həyata keçirilib və yaxın günlərdə ölkəyə nəql olunacaqdır.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova Cəmiyyət ilə müqavilə əsasında 40-cı “Prima T8 AZ8A” yük lokomotivinin təntənəli təhvil verilməsi mərasimində söyləyib.
“Hörmətli tədbir iştirakçıları, “Alstom Transport” şirkətinin idarə heyəti və kollektivi, xanımlar və cənablar, Azərbaycan və Qazaxıstan arasında demək olar ki, bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də çoxillik əlaqələr mövcuddur və hər iki tərəf bu əlaqələrin möhkəmləndirilərək, genişləndirilməsində maraqlıdır. İqtisadi ticarət əlaqələrinin inkişafı beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığın intensivləşdirilməsini zəruri edir. Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, Şərq-Qərb Beynəlxalq Dəhlizinin inkişafına böyük maraq və səy göstərir. Xüsusilə beynəlxalq yükdaşımaların həcminin artırılması istiqamətində işlər davam etdirilir”, – N.Bayramova çıxışında bildirib.
“Alstom Transport” sirkətinin Azərbaycan Demir yollari üçün istehsal etdiyi son 2 yük lokomotivinin təqdimat mərasimində iştirakçıları salamlamaqdan məmnun olduğunu bildirən QSC-nin xidmətinin rəhbəri qeyd edib ki, “Dəyişən cərəyanla işləyən 50 ədəd lokomotivin alınması” layihəsi Societe Generale (Təşkilatçı Bank və KA Agenti), BNP Paribas, HSBC Fransa banklarının və Azərbaycan hökum ətinin birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir.
“Layihənin təchizat çısı Fransanın Alstom Transportation S.A. şirkəti ilə müqavilə 12 may 2014-cü il tarixində imzalanmışdır. Müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC 40-ı yük, 10-u isə sərnişin daşımalarında istismarı nəzərdə tutulan 50 dəyişən cərəyanlı lokomotiv alacaqdı. “Alstom” şirkəti tərəfindən Bakı-Tbilisi-Qars regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisi 2018-ci ildə Qazaxıstandan yola salınaraq Azərbaycana, Biləcəri stansiyasına gətirilib. Məlumat üçün deyim ki, sərnişin lokomotivlərinin hamısı, yük lokomotivlərindən isə 37 ədədi artıq ölkəyə çatdırılmışdır. Dəyişən cərəyanla işləyən 40 ədəd yeni yük Az8A lokomotivi Qazaxıstan Respublikasında, 10 ədəd ikisistemli sərnişin Az4A lokomotivi isə Fransada istehsal edilmişdir. 38-ci lokomotiv ölkəyə nəql olunmaqdadır. Sonuncu 2 lokomotivin yekun sınaqları həyata keçirilib və yaxın günlərdə ölkəyə nəql olunacaqdır. Müasir standartlara uyğun, dəyişən cərəyanla işləyən lokomotivlərin alınması Azərbaycan dəmir yolları tarixində bir ilkdir və nəqliyyat sisteminin səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradacaq. Lokomotivlərin ilkin mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik və dəyişən cərəyana keçirilməsi planlaşdırılan ŞimalCənub nəqliyyat dəhlizinin Biləcəri-Yalama hissələrində istismar olunması nəzərdə tutulur”, – o, vurğulayıb.
Natavan Bayramova əlavə edib ki, alınmış yük lokomotivlərinin istismarı ilə daşınacaq yük qatarlarının orta çəkisinin 4 500 qədər artırılacağı planlaşdırılır: “Bunun da nəticəsində yük daşımaya cəlb olunan lokomotiv sayı və əlavə manevr işləri azalacaq. Prima T8 (AZ8A) dünyanın ən güclü lokomotivlərindən biridir. Bu lokomotivlər yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən Prima T8 (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma gücünə malikdir. Onu da nəzərinizə çatdırmaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSC son 3 ay ərzində Biləcəri və Gəncədə iki yeni lokomotiv deposunun açılışını həyata keçirib. Depolar tam yenilənərək, müasir texniki avadanlıqlarla təchiz olunub. Yeni depolar sifariş edilmiş bütün yeni lokomotivlərə fasiləsiz texniki xidmət göstərmək imkanına malikdir. Azərbaycan dövləti nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ölkəmiz beynəlxalq və regional nəqliyyatdəhlizlərinin inkişafında sadəcə fəal iştirakçı deyil, təşəbbüskar rolunda çıxış edir. Azərbaycanın coğrafi mövqeyi tranzit imkanlarının genişləndirilməsini vacib edir. Bu lokomotivlər Azərbaycanın dəmir yolu şəbəkəsində geniş istifadə edilərək, ölkəmizdə, eləcə də Azərbaycanın 44 günlük müharibədən sonra işğaldan azad olunan ərazilərində aparılan quruculuq işlərinə töhfəsini verəcək. Görülən işlər nəyinki Azərbaycan iqtisadiyyatı üçün, eləcə də bütün Cənubi Qafqazda davamlı regional əməkdaşlığı və sülhü möhkəmləndirəcək. Həmçinin iqtisadiyyatın əsas lokomotivlərindən biri kimi dəmir yolu ilə yüklərin daşınmasının intensivliyinin və xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasında faydalı olacaq”.