Nur-Sultan. Sədrəddin Ağcayev – Trend:
“Alstom” şirkəti Azərbaycan Dəmir Yolları (ADY) QSC ilə dəmir yolunda siqnal sistemi layihələri üzrə çalışır.
Trend xəbər verir ki, bunu “Alstom”-un Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Kanat Alpısbayev Cəmiyyət ilə müqavilə əsasında 40-cı “Prima T8 AZ8A” yük lokomotivinin təntənəli təhvil verilməsi mərasimində söyləyib.
Onun sözlərinə görə, çatdırılmanın başa çatdırılması “Alstom”-un həmişə qeyd etdiyi mühüm mərhələdir.
“Azərbaycana lokomotivlərin tədarükü bizim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bu, Qazaxıstanda ilk ixrac müqaviləmizdir. Pandemiya ilə əlaqədar yaranan bütün çətinliklərə baxmayaraq, biz “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə bu mühüm layihənin başa çatdırılmasına nail ola bildik. Bu lokomotivlər Azərbaycanda yükdaşıma qabiliyyətinin artırılmasında mühüm rol oynayır və bundan əlavə, Transxəzər dəmir yolu dəhlizinin tranzit potensialının artırılması üzrə iddialı məqsədlərin həyata keçirilməsinə töhfə verir. Biz “Azərbaycan Dəmir Yolları” QSC ilə sıx tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi, o cümlədən lokomotiv parkında qulluğun təşkili və dəmir yolu siqnal sistemləri layihələrinin həyata keçirilməsi üzərində işləyirik”, – K. Alpısbayev bildirib.
Qeyd edək ki, 2014-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkəti ilə 288 milyon avro dəyərində 50 elektrovoz, o cümlədən “Alstom” şirkətinin Nur-Sultandakı (Qazaxıstan) EKZ BM-də istehsal olunan 40 Prima T8 AZ8A ağırçəkili lokomotivin və Fransanın Belfort şəhərində istehsal olunaraq artıq Azərbaycana gətirilən 10 ədəd Prima M4 AZ4A sərnişin lokomotivinin tədarükünə dair müqavilə imzalayıb.
“Alstom”-un Prima T8 modeli dünyanın ən güclü elektrovozlarından biridir. Bu model hər oxa 25 ton ağırlıq, doqquz min tona qədər yük daşıya bilən və 120 km/saat sürətlə hərəkət edən, gücü 8,8 MVt olan iki bölməli lokomotivdir. Prima T8 AZ8A -25°C-dən 50°C temperatur diapazonunda işləmək üçün nəzərdə tutulub. Modul dizaynı sayəsində bu lokomotiv minimal texniki qulluq tələb edir və yüksək etibarlılıq səviyyəsinə malikdir.
“Alstom”-un Prima model çeşidi ağır yük, yük və sərnişin daşımalarından tutmuş manevr və yol işlərinə qədər lokomotiv bazarının bütün seqmentlərini əhatə edir. Son 20 il ərzində bütün dünyada 3200-dən çox Prima lokomotivi (4600-dən çox bölmə) satılıb.