Qazaxıstanın Almatı şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Əl-Farabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Mənəviyyat körpüləri – Fərabidən Nizamyə qədər” adlı beynəlxalq konfrans keçirilb.
Konfrans sözügedən universitetin binasında baş tutub, eləcə də dünyanın müxtəlif ölkələrini təmsil edən onlarla tədqiqatçı və qonaqlar onlayn formatda tədbirə qoşula biliblər.
Konfransda İƏT Gənclər Forumu ARM-nin İdarə Heyətini sədri Elçin Əsgərov, sədrin köməkçisi Şücaət Əhmədzadə, AMEA-nı təmsil edən akademik Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazar İlqar Fəhmi və başqaları çıxış edərək, Azərbaycan və qazax xalqının ümumi mənəvi dəyərləri haqda danışaraq, qloballaşma dövründə onların qorunmasının vacibliyini vurğulayıblar, eləcə də iştirakçıları Nizami yaradıcılığının özəllikləri haqda məlumatlandırıblar.
Tədbirdə Qazaxıstan tərəfindən aparıcı partiyanın gənclər qanadı olan ”Jas Otan” təşkilatının Almatı şöbəsinin sədri Nursultan Bekkariov, Əl-Farabi adına Qazax Milli Universitetinin, Əl Farabi Mərkəzinin, eləcə də dünyanın müxtəlif ölkələrindən və Qazaxıstanın müxtəlif bölgələrindən olan alimlər çıxış ediblər.
Azərbaycanın milli geyimində olan balaca qazax qızının Azərbaycan dilində Nizaminin şeirlərini deməsi tədbir iştirakçılarının xüsusi diqqətini çəkib.