2023-cü ildə Almaniya hökuməti silah ixracına əvvəlki illə müqayisədə 40 faiz daha çox (11,7 milyard avro) icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, sözügedən artım Almaniyanın bütün tarixində rekord göstəricidir.
Sənəddə təqdim olunan məlumatlar 2023-cü il yanvarın 1-dən dekabrın 12-dək olan dövrə aiddir və bu müddət ərzində hökumət koalisiyası 6,15 milyard avro dəyərində silah və 5,67 milyard avro dəyərində digər hərbi məhsulların ixracını təsdiqləyib.
Ümumi məbləğin demək olar ki, 90 faizi AB və NATO ölkələri, Ukrayna və Yaponiya, Avstraliya və Cənubi Koreya kimi bəzi digər müttəfiq dövlətlər üçün nəzərdə tutulub.
Təsdiqlənmiş ixracın 1/3-i (4,15 milyard avro) Ukraynaya yardıma ayrılıb. İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanı kimi üçüncü ölkələr üçün Almaniya hökuməti 1,76 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.