Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya – Foto

Almaniyada Xocalı soyqırımı ilə bağlı aksiya – Foto

Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a bildirilib ki, Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Köln Katedralının qarşısında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibəti bəsləyən icmaların nümayəndələri iştirak ediblər.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra canlarını Vətən torpaqları uğrunda fəda edən şəhidlərin və Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, mərkəzin idarə heyətinin üzvü Qəzənfər Kazımov, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış edərək Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, xaricdə yaşayan azərbaycanlıların o dəhşətli günlərin ağrı-acısını unutmadığını, Xocalı soyqırımı törədənlərin layiqli cəza alması üçün Azərbaycan diasporu tərəfindən mütəmadi olaraq müxtəlif səpkili tədbirlər həyata keçirildiyini bildiriblər.

Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət olduğu və bu faciənin tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı olmadığı bildirilib, bu qətliamın soyqırım aktı kimi tanınması üçün alman və Azərbaycan dillərində şüarlar səsləndirilib.

Aksiyada tədbir iştirakçıları tərəfindən erməni vandalizmini əks etdirən informativ plakatlar nümayiş olunub, alman və ingilis dillərində nəşr olunmuş kitablar, fleyerlər, broşürlər şəhər sakinlərinə paylanıb. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət fotosərgi yerli ictimaiyyətin marağına səbəb olub.

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının dalğalandığı, 200-dən çox şəxsin iştirak etdiyi tədbir “Koroğlu” üvertürasının səslənməsi ilə başa çatıb.

Teqlər: