Almaniyada kəskin hava şəraiti: Ölən və xəsarət alanlar var

Almaniyanın qərbi və mərkəzi hissələrində tüğyan etmiş qasırğa,
dolu və şiddətli leysan nəticəsində azı bir nəfər həlak olub, 60
yaxın sakin xəsarət alıb.

Trend-in
məlumatına görə, Paderborn şəhərində 43 nəfər xəsarət alıb,
onlardan 30 nəfəri xəstəxanaya yerləşdirilib.

Şəhərə ciddi ziyan dəyib, çox sayda evin damı uçub.

Bavariya federal torpağında 14 nəfər gizləndikləri tikilinin
çökməsi nəticəsində xəsarət alıb. Reynland-Pfalts federal
torpağında isə bir nəfər ildırım vurması nəticəsində həyatını
itirib.

Almaniya dəmiryol şirkəti ağacların relslərin üzərinə düşməsi
ilə əlaqədar gün ərzində qatarların hərəkətində ləngimələrin ola
biləcəyi barədə xəbərdarlıq edib.