Almaniya Minsk Qrupunun üzvü kimi bölgədə davamlı sülh və təhlükəsizlikdə maraqlı olmalıdır – Könül Nurullayeva

Ermənistan post-müharibə dövründə də cinayətlərini davam etdirir. Hərbi əməliyyatların dörd aydan çoxdur başa çatmasına baxmayaraq, minalı ərazilərin xəritəsinin təqdim olunmaması da müharibə cinayətlərinin tərkib hissəsidir. Təəssüflə qeyd etməliyik ki, 4 ay ərzində 40-a yaxın mülki şəxs minaya düşərək həlak olub. Xeyli sayda ağır yaralananlar var. Erməni tərəfi mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və 1977-ci ildə əlavə edilmiş protokollarla ziddiyyət təşkil edir. Təəssüf ki, məsələ ilə bağlı heç bir beynəlxalq təşkilat Ermənistana təzyiq göstərmir. Əksinə, bölgədə sülhün bərqərar olmasından narahat olan qüvvələr gözə çarpır. Almaniya mətbuatında Azərbaycana qarşı son vaxtlar intensivləşən hücumlar da əslində dolayısı ilə Ermənistana axra durmaq anlamına gəlir. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Ermənistan da daxil olmaqla, bütün dövlətlərin və bu bölgədə maraqlı olan tərəflərin maraq prinsiplərinə uyğundur. Lakin Almaniya bu vəziyyətdən razı deyil. Halbuki Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi bu prosesdə, ATƏT məkanında təhlükəsizliyin təmin olunması baxımından daha çox maraqlı olmalıdır.

Lakin əksinə olaraq, 2012-ci ildən etibarən Almaniyada anti-Azərbaycan mövqeyinin şahid oluruq. 2012-ci ildə Avroviziya mahnı müsabiqəsi, eyni zamanda ilk Avropa Oyunları zamanı ölkəmizə qarşı əsassız qarayaxma kampaniyaları təşkil olunurdu. Yəni, təəssüf ki, Almaniya Azərbaycana qarşı kampaniyaların ənənəvi aləti qismində çıxış edir.

Ən ziddiyyətli məqamlardan biri isə budur ki, Almaniya islamafobiya, türkfobiya, etnik zəmində qətllər, neofaşizmin intibahı, miqrantlara qarşı qeyri-humanist münasibətilə seçilən ölkədir. Polis zorakılığı ilə bağlı aqressiv kadrlar internetdə geniş yayılıb. Təsadüfi deyil ki, 2019-cu ildə Avropa İnsan hüquqları komissarı Almaniyanı miqrantların deportasiyası məsələsində daha ədalətli davranmağa, həmçinin qaçqınlara kömək edən QHT-lərə qarşı təqibləri dayandırmağa çağırmışdı. Yəni, bu cür neqativlərin qeydə alındığı bir ölkənin başqa bir ölkəni əsassız şəkildə ittiham etməsi sadəcə təəccüb doğurur. Digər tərəfdən, alman mediasının səsləndirdiyi arqumentsiz ittihamlar həm də alman KİV-lərinin imicini zədələyir, onların obyektivliyini şübhə altına alır.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın haqlı davasında – Vətən müharibəsində də Berlin rəsmiləri əsassız bəyanatlar verir, alman mediasında arqumentsiz və məntiqsiz materiallar dərc olunurdu.

Könül Nurullayeva,
Milli Məclisin deputatı

Teqlər: