Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror davam etməkdədir. Oxçuçayın Ermənistan tərəfindən mədən qazıntılarının emalı tullantıları ilə çirkləndirilməsi nəticəsində çayın keçdiyi ərazilərdəki flora və fauna məhv olmaqdadır. Almaniya da Ermənistana ekoloji terrorun törədilməsinə dəstək verir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, Oxçuçay Araza birləşdiyindən və axdığı son nöqtəsi Xəzər dənizi olduğundan nəticədə zəhərlənmiş çay suyu Xəzərin də çirklənməsinə səbəb olur:
“Bu, Ermənistanın Azərbaycana, həm də qlobal təbiətə qarşı törətdiyi ekoloji terrorun davamıdır. Təbii ki, Xəzər ancaq Azərbaycanın dənizi deyil. Bu məsələ Xəzəryanı ölkələri də narahat etməlidir və Ermənistana bu məsələdə təzyiq göstərməlidirlər. Ekoloji terrorun davam etdirilməsində Ermənistanda dağ-mədən işlərini həyata keçirən Almaniyanın “CRONİMET Holding GmbH” şirkəti də iştirak edir. Buradan qənaətə gəlmək olur ki, Almaniya da Ermənistana ekoloji terrorun törədilməsində dəstək verir.
Almaniyaya məsələ ilə bağlı dəfələrlə müraciət etsək də, Almaniya məsələyə laqeyd qalmış, bu ölkənin “Yaşıllar” partiyası isə ümumiyyətlə Azərbaycana ayırmaqlarına vaxtlarının olmadığını bildirmişdi. Almaniya Avropanın mərkəzində yerləşir və həmişə ekologiyanın qorunmasının carçısı kimi çıxış edib. Bu gün də Almaniyada ekologiyanın qorunmasına həsr olunmuş kütləvi tədbirlər davam etməkdədir. Onda belə nəticəyə gəlmək olar ki, almanların ekologiyanın qorunmasının carçıları kimi etdikləri çıxışları formal xarakter daşıyır və özləri ekoloji terror törədən Ermənistana dəstək verdiyi halda başqalarından ekologiyanın qorunmasını tələb etmələri başadüşülən deyil. Ekologiya sərhəd tanımır. Hamımızın ümumi yaşadığımız bir balaca yer kürəmiz var. Hansı ölkədə ekoloji terror törədilməsindən asıllı olmayaraq, hamı buna qarşı çıxış etməli və belə bir halın davamlı olmaması üçün təşəbbüs göstərilməlidir”.
Deputat vurğulayıb ki, çox təəssüf ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil olunmuş qarayaxma kampaniyasında iştirak edib:
“Soros şəbəkəsi cəmiyyətə yaxşı heç nə bəxş etməyib. Hansı ölkədə Sorosun dəstəyi ilə hakimiyyət çevrilişləri həyata keçirilibsə, o ölkədə siyasi sabitlik bərpa olunmur, iqtisadiyyatı dağılır və ölkənin müstəqilliyi məhvə doğru gedir. Bunu Ermənistanda Paşinyanın hakimiyyətə gətirilməsində də müşahidə etmişik. Soros şəbəkəsi zaman-zaman Azərbaycana qarşı kampaniyalar apararaq ölkədə siyasi sabitliyin pozulmasına və beynəlxalq imicinin aşağı düşməsinə cəhd etsə də, öz məqsədinə çata bilməyib. Çünki Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur.
Amma nə Alman mediası, nə digər medialar Almaniya şirkətinin də iştirakı ilə Ermənistanın Oxçuçayın çirkləndirilməsi ilə törətdiyi ekoloji terroru qabartmır, ictimailəşdirmir. Çünki, ekologiyanın qoruması məsələləri Soros şəbəkəsinin marağında deyil”.