Allahın vəkilləri əsəbiləşib, Prezidentlə görüş istəyir…

Allahın vəkilləri əsəbiləşib, Prezidentlə görüş istəyir…

İlon Maskın Marsa çatma, bu qırmızı planeti yaşıllaşdırma və məskunlaşdırma cəhdlərinə milyardlar axıtdığı və bütün fikir adamlarının o xəbərlərlə silkələndiyi vaxtda az qala hər gün bir topa (qrup) adamın Allahın təhqir olunmasına etirazını izləmək əzabını da Uca Tanrı bizim qədərimizə yazıbmış.

Az öncə daha bir başıbağlı dindar bacımız bir neçə dindar xanımla növbəti aksiya təşkil edib. Yenə eyni irad: Allahı niyə təhqir edirlər?

Yadıma bir əhvalat düşür: repressiya illərində bir bərkgedən kolxoz sədri olur – qabaqcıl təsərrüfatçı-filan titullu, sinəsi orden-medallı biri imiş. Günlərin birində bu kolxoz sədri biçin vaxtı araqarışdıran, işə mane olan demaqoqa əsəbiləşib, bir şillə ilişdirir. Demaqoq da üzünü tutub qışqırır ki, yaxşı, məni vurursan-vurursan, bəs yoldaş Stalini niyə söyürsən?

Vaxtilə insanları allahsız Stalinlə şantaj-repressiya edirdilər, indi də keçiblər Allahın özünə!

Tale Bağırzadə kimdir, nəçidir – özü və Allahı bilər. Hər bir halda onun Azərbaycan Konstitusiya ilə təsbit edilən idarəetmə sistemini dəyişmə cəhdi qəbuledilməzdir. Zatən bilirik ki, bütün idarəetmə formaları ictimai-siyasi formasiyanın dəyişməsi ilə müşayət olunub və bu formasiyalar da inqilabsız baş vermir.

Azərbaycanda inqilab etmək istəyirsiniz? Həm də Allahın adı ilə alver edərək?

Kapitalizmdən mollabaşizmə keçmək üçün mollabaşından ideya və maliyyə alan, mollabaşın əlin-ətəyin öpən birisi ilə sivil toplumun və İlon Maskın fenomen çabalarını izləyən, kitab oxuyan, dünyanın gərdişinə baxın və elmin inkişaf iqtiqamətlərini izləyənlərin uzaqdan-yaxından heç bir əlaqəsi olmaz.

Tarixi oxuyan, öz milli kimliyini dərk edənin də fars əli öpə biləcəyinə şübhə edirəm. Çox uzağa da getməyin, 2020-ci ilin 44 günlük savaşında İranın tutduğu mövqe və ondan sonra sərhədimizə ordusunu daşıyıb gətirməsi bəs edir ki, ayətullah əli öpənin məram-məqsədi və düşüncəsinin nəyə və kimə xidmət etdiyini anlayasan.

Hər nəsə, bizim Taleh və Allaha deyil, mollabaşlara ibadət edənlərin talelərinə münasibətimiz bəlli. Ancaq əlbəttə ki, bu, polis idarəsində, ya təcridxanada, yaxud prokurorluqda kiminsə döyülməsinə, təhqir edilməsinə səbəb ola bilməz.

Əgər biz hüquqi dövlətdən danışırıq və Konstitusiya quruluşuna qarşı çıxanların həbsini gündəmə gətiririksə, məhz Konstitusiyanı qorumaq naminə o saxlanılan, həbs edilən şəxsin hüququları qorunmalıdır.

Taleh Bağırzadə fiziki təzyiqə məruz qalıbsa, döyülübsə, söyülübsə – Talehin zorla dəyişməsini istədiyi bu Konstitusiyanın Talehin özünə verdiyi müstəsna hüquqların qorumasını dövlətdən tələb edin; Prezidentin qəbuluna getmək istəyirsinizsə, gedin, sözünüzü deyin, aksiya keçirin!

Ancaq aksiyada “Allahı təhqir edən cəzalansın” kimi əbləh, düşüncəsiz, manqurt ittihamlar səsləndirməyin.

Əvvəla, Allahın hər hansı formada ictimai təhqirini sübut edən fakt yoxdur. İkincisi, CM-in hansı maddəsi ilə “Allahı təhqir edən” cəzalanmalıdır?

Üçüncüsü, sən başını bağlayıb, namaz qılırsan deyə, Allaha vəkillik edə biləcəyini düşünürsən? Kimsən sən? Get namazını qıl, ibadətini elə, o dünya haqda düşün: insanın fani olması və Allah dərgahına gedəcəyi haqda fikirləş, təmiz yaşa, halal yaşa, nümunə ol! Sən Allahı qoruyan çıxmısan?

Ümumiyyətlə, sənə Allahın ehtiyacı var?

“Keçinin keçi, qoyunun qoyun ayağından asılan gün” gələcək, Allahın qüdrəti müqayisəyəgəlməzdir. Əgər kimsə küfr edibsə, Allah özü qərar verəcək, Adil də odur, Hakim də! Sən kimsən ki, Ona vəkillik edirsən?

Sənin kimə, nəyə və necə xidmət etdiyini, Xeyirəmi, yoxsa Şərəmi səcdə etdiyini mən heç bilmirəm – onu da Allah bilir. Nədir özünüzü atmışınız ortaya?

Din, ibadət, iman – fərdi anlayışlardır, Allahla insan arasında olan münasibətlərdir. Siz heç ibadətin mahiyyətini, yaşam fəlsəfənizin nüvəsini dərk etməyən zatlarsınız, Allahı müdafiə etməyə girişmişiniz!

Dövlət sənin iman yerini, məscidini yıxırsa, sənə ibadət etməyə imkan vermirsə, canamazını əlindən alırsa, qalx və öz din azadlığını dövlətdən tələb elə; de ki, sənin fərdi düşüncənə, imanına müdaxilə etməsin, biz də sənə dəstək verək!

Məscid sökülüb, Allah evi yıxılıb, yoxsa övliya ocağı dağıdılıb? Nə baş verib?

Bu ölkədə yüzlərlə məscid təmir edilir, dağılıb-səhralığa çevrilən Ağdamda tikilib-qurulan ilk yer məscid oldu. Son illər yüksək səviyyədə təmir edilən pirlər, ocaqların sayı-hesabı yoxdur. Az qala hər iş yerində namaz otağı var… Sənə ibadət yeri lazımdır, yoxsa Allah adından alver etmək?

“Allahı təhqir edən cəzalansın” tələbindən əbləh heç nə ola bilməz. Bu qədər düşüncəsizliyi kim sizin beyninizə soxub? Hardan qaynaqlanır bu mənhus fikirlər? Başınızı vermişiniz hansısa ayətullahın barmaqlarının arasına, o da sizin başınızı təsbeh kimi elədən-elə, belədən-belə fırladır.

Özünüzü yığışdırın, insanların imanı ilə manipulyasiya etməyin! Yoxsa Allah onu “təhqir edən” dediyinizdən daha əvvəl elə sizin özünüzə qənim olar!

Teqlər: