Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır

Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır

Salam haqqında “çox istedadlı” ifadəsini istifadə etmək yersizdir. Salam 90-cı illərdə “istedadlı şair” idi – çünki gənc idi, yeni başlamışdı və öz fərqli istedadı, bənzətmələri, deyimləri, məcazı müstəqimliyə dəyişib, fərqli alleqoriyalar və təzadlar toqquşması yaratmağı bacarırdı.

İndi Salama “istedadlı” sözü yaraşmır – o, Azərbaycan poeziyasının bəlli tsikli üçün burulğandır, tufandır, söz fırtınasıdır.

Salamın “Biləcəridən o tərəfə” keçməsi çox çətindir. Ona görə yox ki, onun poetik imkanları buna qadir deyil; ona görə ki, Salam – dil faktorudur, dil hadisəsidir və belə şəxsləri tərcümə etmək o qədər çətindir ki… Yəni mümkünsüzdür.

Salam dilin “təbiət hadisəsidir” – o zəlzələni hiss etmək üçün bu dili mükəmməl bilmək azdır, həm də deyimlərinə, duyumlarına, ibarələrinə, dilin çoxmənalılığına bələd olmalısan.

“Salam Tanrının Azərbaycan poeziyasına salamıdır” – səhv etmirəmsə, nə vaxtsa Salamın öz üslubuna bənzəyən bu təşbehdən istifadə edilib. Amma bunun bir az redaktəyə ehtiyacı var, sanıram.

Salam Füzulinin 400 il öncəki salamıydı və bu salamı yenə alan olmadı: bir az bədii dilinə görə, bir az da elə öz dilinə – təzadlı xarakterinə, hədləri aşan ifadələrinə görə.

Salamın içində nə tüğyan etdiyini kimsə bilmədi; bilinən o oldu ki, tündməcazdır, cığaldır, həddi qorumur – poeziyası kimi!

Yazdıqlarını yaşayır bu 58 ildə!

Məcazı müstəqimliyə çevirmək xarakterindənmi Salam meyxanəyə meyilli oldu? – çətin sualdır. Amma sığındığı “yer” ona xəyanət etdi – zatən, araq sığınacaq yer deyil axı.

Sözlə oynamaq ağırdır, çətindir, adamı içdən yeyir – bir də sözə gücün çatmayanda meyə meyil salmaq ikiqat fəsad yaradır. Həm də onda “salama” xəyanət etmiş olursan – bu Salam ədəbiyyatın, poeziyanın və sözündürsə, ikiqat günah olur.

Sözün də Vətəni var – bu Vətənə sonradan vətəndaşlıq almaq mümkün deyil; bu Vətən vətəndaş qəbul etmir – baxmayaraq ki, burda çoxlu qanunsuz miqrant var, ömrünü bu Vətənin “sığınacağında” başa vuran və ömrü uzunu deportunu gözləyən saysız-hesabsızdır.

Bu Vətənin vətəndaşı olmaq üçün bu Vətənin vətəndaşı kimi doğulmaq lazımdır.

Salam bu Vətənin vətəndaşıdır – bəlkə də bu Vətənin vətəndaşları üçün nəzərdə tutulan yaradıcılıq evlərini köçkün-qaçqın miqrantlar “məşğul etdiyi”nə, bəlkə “qara fəhlələrin” sözün ayağını qazdığına, bəlkə də… – yazılası mümkün olmayanlara görə doğma Vətənində doyunca, rahat-rahat yaşaya bilmir.

Salam indi xəstədir, halı heç yaxşı deyil və onun üçün Vətəninə sözlər-dualar göndəririk.

Ancaq adama elə gəlir ki, Salam sadəcə qanunsuz miqrant-qaçqınların, bu Vətənə soxulanların – yəni “ermənilərin ucbatından” öz Vətənini atıb, getmək istəyir; sanki intihar edir və indi yox – illərdir, bəlkə də onillərdir.

Heyf, Füzulinin ədəbiyyata verdiyi salamı 400 il sonra da alan olmadı, Füzulinin salamı da yerə-yatağa düşdü…

Heç olmasa indi, “canı canan diləyəndə” Füzuliyə baş əyək:

– Əleykümsalam, ustad!

Teqlər: