Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin
sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam
etdirir.
AQTA-dan AzerTimes-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən
keçirilən nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Mehdiabad
qəsəbəsi, Dostluq küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən,
“Abşeron-Şərab” ASC-yə məxsus alkoqollu içkilərin istehsalı
müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı
“Grelka” nişanlı 40%-li tündlükdə araqların markalanmasında
istifadə edilən etiket məlumatında məhsulun “Alfa” tipli etil
spirtindən istehsal olunduğu qeyd olunsa da, “Alfa” tipli etil
spirtinin mədaxili barədə heç bir sənəd təqdim olunmayıb.
Müəssisədə araq istehsalında xammal kimi Belarusiya
Respublikasından idxal olunan “Lyuks” tipli etil spirtindən
istifadə olunduğu müəyyən edilib. Həmçinin “Grelka” nişanlı 40%-li
tündlükdə arağın etiket məlumatında “Silver Filtration” (Gümüş
Filtrasiya) sözlərinin qeyd olunmasına baxmayaraq, araşdırma
nəticəsində araq istehsalında ağac oduncağından alınan БАУ-А
markalı aktivləşdirilmiş kömürdən istifadə olunduğu məlum olub.
İstehsal prosesində məhsulun təmizlənməsində gümüş filtrlərdən
istifadə olunması öz təsdiqini tapmayıb. Bu da sahibkar tərəfindən
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan
Respulikası Qanununun tələblərinin kobud şəkildə pozulduğunu
göstərir.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq,
inzibati xəta haqqında protokol tərtib edilərək müəssisə rəhbərliyi
inzibati məsuliyyətə cəlb edilib, həmçinin “Grelka” nişanlı 40%-li
tündlükdə araqların istehsalının və satışının qadağan edilməsi,
həmin məhsulların satış məntəqələrindən geri çağırılması barədə
məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair Qərar qəbul edilib. Eyni
zamanda Agentlik tərəfindən respublikada fəaliyyət göstərən iri
ticarət şəbəkələrində həmin məhsulun satışının qadağan olunması
barədə müraciət ünvanlanıb, “Abşeron-Şərab” ASC tərəfindən həmin
məhsulun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib.
Bununla bağlı, istehlakçılar tərəfindən satış şəbəkələrində
aşağıdakı fotoşəkillərdə göstərilən, üzərində “Silver Filtration”
və “Alfa” tipli etil spirtindən istehsal olunduğu qeyd olunan
“Grelka” nişanlı araqların alınmaması və Agentliyin “1003 – Çağrı
Mərkəzi”nə məlumat vermələri tövsiyə olunur.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısı qətiyyətlə alınacaqdır.