Alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və bununla əlaqədar təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Növbəti belə görüş araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyicilərinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Onlayn formatda təşkil olunan görüşdə həmin sahədə mövcud vəziyyət, istehsal prosesi və ixracla bağlı çətinliklər dinlənilib, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsi, aksiz vergisinin hesablanması və ödənilməsi, vergi tutulan əməliyyatların vaxtının müəyyən edilməsi və pul vəsaitlərinin nağdlaşdırılması ilə əlaqədar müzakirələr aparılıb. Qeyd edilib ki, başlıca çətinliklərdən biri kustar üsulla keyfiyyətsiz məhsul istehsal edən şəxslərin haqsız rəqabət aparmasıdır. Çətinliyin həlli kimi isə alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.
Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.