Alimdən Azərbaycanda vurulan vaksinlə bağlı AÇIQLAMA: 100 faiz qarşısını alır

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda tətbiq olunan Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi tibdə bugünə qədər uğur qazanmış inaktiv peyvəndlər qrupuna daxildir. Bu peyvəndin isə hələ ki, 2-ci fazada edilən tədqiqatının nəticəsi elmi ədəbiyyatda çap edilib. 3-cü fazanın son nəticələrinin də əsas hissələri elmi tədqiqat şəklində dərc edildikdən sonra onunla hər kəs tanış ola biləcək.

Bunu AzerTimes-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, “CoronaVac” peyvəndi də Çin istehsalı olan və bir neçə ölkələrdə artıq istifadə olunan “Sinopharm”ın “Vero” peyvəndi kimi inaktiv SARS-CoV-2-dən hazırlanır:

“İnaktivləşməsində əsasən beta-propiolaktondan və vaksinin təsir gücünü artırmaq üçün isə aluminium-hidroksiddən istifadə olunduğu bildirilir. İnaktiv peyvəndlər tibbdə uğur qazanmış peyvəndlər qrupuna daxildir, ona görə bu dəfə də uğur qazanacağı istisna deyil.

Sadəcə Avropa və Amerikada inaktiv üsulla peyvəndin hazırlanmamasının səbəblərindən biri bu peyvəndin allergik reaksiya vermə ehtimalı idi. Amma istehsalçı şirkət bu günə qədər olan tədqiqatlarda allergik reaksiyanın gözlənilən kimi olmadığını sübut edə bilib. Bu peyvəndin gen texnologiyası ilə hazırlanan peyvəndlərdən üstünlüklərindən biri də qısa zaman ərzində təsiretmə gücünə malik olmasıdır.


Digər tərəfdən inaktivləşdirmənin müəyyən antigenlərdə dəyişiklik edə bilməsi və bəzi anticisimlərin virusu tanımaqda çətinlik çəkməsi gözləniləndir. Bütün bunlara baxmayaraq, inaktivləşmiş viruslarla bağlı bu günə qədər aparılan elmi tədqiqatların nəticələrinə baxsaq görərik ki, onların effektivliyi kifayət qədər yaxşıdır və bunlar çap ediləcək növbəti tədqiqatın nəticəsində də öz əksini taparsa, bu, böyük bir uğur deməkdir.

Buraya “Sinopharm”ın da 3-cü faza nəticələrini də aid etmək olar. Yanvar ayında onun effektivliyinin rəsmi olaraq 86% olduğu bildirilib və xəstəliyin ağır formasının qarşısını 100% ala bildiyi söylənilib. “CoronaVac” haqqında isə tibbi müalicə tələb edən xəstəliyin peyvəndin ikinci dozasından sonra 83,7 % az rast gəlindiyi və ölüm hallarının, eləcə də xəstəxanada müalicə alacaq səviyyədə olan xəstəliyin ağır formasının qarşısının 100% alındığı rəsmi olaraq bildirilib. Bir daha vurğulayıram ki, rəsmi səsləndirilən bu fikirlər həm də çap olunan tədqiqatda yer alarsa, bu böyük bir uğur sayıla bilər.

Bütün peyvəndlərin yan təsirlərinə əsasən, onun allergik reaksiya vermə ehtimalı diqqətdə saxlanılır. Ona görə də əvvəllər allergik reaksiyalarla rastlaşan şəxslər peyvəndi aldıqdan sonra mütləq həkim nəzarətində olmalıdır”.

Teqlər: