Tanınmış tarixçi alim, dosent Zaur Əliyev millət vəkili Kamal Cəfərovun “Novarçılar yanaşması Rəsulzadəni xatırladır” yazısına cavab verib.
AzerTimes sözügedən yazını təqdim edir:
Hörmətli Kamal Cəfərov! Düzü, sizi qınamıram. Gənc və Milli Məclisdə mandat qazanan bir şəxssiz. Anlayıram. Heç kimin tanımadığı və bilmədiyi Kamal Cəfərov gündəmə gəlib özünü tanıtmalı idi. Lakin çox səhv yerdən başlamısınız. Kaş Məhəmməd Əmin Rəsulzadə barədə alternativ mənbələr oxumadan fikir bildirməyəydiniz.
İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi məsələsində nədənsə ittiham edilən tərəf Rəsulzadə olur. Əzizim, Azərbaycan 32 ildir müstəqildir, amma sizin yazınızda sovet ideologiyasının şüurlardakı qalıqlarını hələ də davam etdirməsini görmək olar.
O ki qaldı “İrəvanın ermənilərə güzəştə gedilməsi” məsələsinə, məsləhət görərdim ki, o dövrün sənədləri ilə yaxından tanış olasınız: İrəvanın ermənilərə paytaxt verilməsi məsələsi 1912-ci ildə artıq həll olunmuşdu. O ildə dərc edilən “Известия Бакинского Совета” adlı qəzetin 220-ci sayını arxivdən əldə edib baxın. Qəzetdə yazılır: “1912-ci ildə erməni burjuaziyası və ziyalıları Tiflisdə toplanaraq, “erməni məsələsi”nin dünya siyasətçilərinin diqqət mərkəzində olacağını və Rusiya hökumətinin ermənilərə xoş niyyətlərini bildirəcəyini nəzərə alaraq, qarşıda dayanan ümummilli məsələlərin həll edilməsi üçün müzakirə təklif etdilər. Burada iştirak edən dünyanın hər yerindən gələn ermənilər yaxın zamanlarda böyük dövlətlərin, konkret Rusiya, Almaniya, Britaniyanın razılığı ilə paytaxt əldə edəcəklərini və dövlətlərinin yaradılacağını elan edirlər. Ya Gümrü, Osmanlılar razı olmasa, İrəvan onların paytaxtı olacaqdı”.
Keçək digər məsələyə: niyə Azərbaycan dövlətinin yaradılması uğrunda aparılan mübarizə və yoxdan bir Cümhuriyyət quran kişilərin bu addımını böyük siyasi səhv, maksimum isə satqınlıq və xəyanət kimi izah edirsiz? Maraqlıdır ki, İrəvanın Ermənistana verilməsi məsələsində də ən çox ittiham olunan Məhəmməd Əmin Rəsulzadədir. Niyə?
Diqqətinizə çatdırım ki, Azərbaycan Milli Şurası yaranıb, M.Ə.Rəsulzadə onun sədri seçildiyi (1918, 27 may), Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul edildiyi (1928-ci il 28 may) və Milli Şura İrəvanı ermənilərə güzəştə gedildiyi (1918, 29 may) tarixlərdə Rəsulzadə faktiki olaraq Batum şəhərində olmuşdur. Belə ki, Rəsulzadə Məhəmməd Həsən Hacınski ilə birlikdə 1918-ci ilin mayın 11-dən iyunun 4-dək Osmanlı Türkiyəsi və Zaqafqaziya Seymi nümayəndələri arasında keçirilən Batum konfransında iştirak etmişdir. Bunu çoxsaylı sənədlər və materiallar da təsdiq edir. Bu iki şəxs Batumda Azərbaycan Cümhuriyyətinin yaradılması uğrunda konkret mübarizə aparırdılar.
Rəsulzadənin bu konfransda iştirakında məqsəd həmin dövrdə Azərbaycanın bir hissəsində ağalıq edən bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Sovetini aradan qaldırmaq üçün Türkiyədən hərbi yardım almaq idi. Bu mənada Rəsulzadə fiziki şəkildə nə İstiqlal Bəyannaməsinə imza ata bilmiş, nə də “İrəvanın ermənilərə güzəştə gedilməsi” məsələsinin müzakirə olunduğu iclasda iştirak etmişdir.
Əzizim Kamal bəy!
Milli Şura yenə də Rəsulzadənin iştirak etmədiyi növbəti iclasında (1918-ci il 29 may) İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı məsələni müzakirə etmişdir. Bu məsələnin müzakirəyə çıxarılmasına isə erməni Milli Şurasının nümayəndələri səbəb olmuşlar. Belə ki, həmin dövrdə Azərbaycan Milli Şurası kimi Tiflisdə fəaliyyət göstərən ermənilərin Milli Şurası müstəqilliklərini dünyaya bəyan etsələr də, Ermənistanın paytaxtını müəyyənləşdirə bilməmişdilər. Düzdür, ermənilər əvvəlcə Gümrünü (Aleksandropolu) Ermənistanın paytaxtı kimi görürdülər. Ancaq həmin dövrdə Gümrü Osmanlıların nəzarəti altında olduğu üçün bu, mümkünsüz olmuşdur. Ona görə də ermənilər özlərinə yeni bir paytaxt kimi İrəvanı müəyyənləşdirmişlər.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni Milli Şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsini Erməni Federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir.
Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”. Sənəddə “federasiya” sözü varsa, bu, hələ tam, birmənalı “erməni dövləti” demək deyil. Amma sonrakı sənədlərdə biz “Ararat Respublikası” və ya “Ermənistan dövləti” kimi ifadələri görürük.
Gerçəklikdə Milli Şura razılıq verməsəydi belə, məsələ faktiki həll olunmuşdu. Çünki erməni siyasilərin ətrafında Osmanlı cəbhəsindən məğlub kimi gəlmiş və türklərə qarşı kin hissi ilə dolu, hər bir müsəlmanın qanına susamış minlərlə erməni silahlısı vardı. Bunun müqabilində isə cəmi bir gün öncə özgə paytaxtında elan olunmuş və öz paytaxtına (Bakıya) yerləşə bilməyən Azərbaycan dövlətinin rəsmi olaraq bir nəfər də olsun, əsgəri, bir ədəd də olsun, silahı yox idi.
Bax, məsələnin əsas mahiyyəti bundan ibarət idi. Və o dövrkü beynəlxalq və regional gerçəkliyi dərk etdikdə inanırsan ki, İrəvanın güzəştə gedilməsində istər Osmanlını, istərsə də müvəqqəti Milli Şuranı günahlandırmaq doğru deyil.
Bir faktı da diqqətinizə çatdırım ki, Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik.
Əzizim Kamal bəy!
Diqqətinizə çatdırım ki, Rəsulzadə Milli Şuranın sonrakı iclaslarında İrəvanın güzəştə gedilməsinin əleyhinə çıxış etmişdir. Yəni Milli Şuranın həmin qərarını pisləmiş və buna etiraz etmişdir.
Lakin sizin məqsədiniz İrəvanı güzəştə gedənləri və bunun səbəblərini, məcburiyyətini müəyyən etmək deyil, təəssüf ki, yalnız Rəsulzadə haqqında mənfi rəy, mənfi imic yaratmaqdır.
Siz millət vəkilisiniz, hətta Qərbi Azərbaycan İcmasında da təmsil olunursunuzmuş: əgər İrəvan üçün canınız yanırsa, dünyanın bir neçə beynəlxalq hüquq üzrə mütəxəssisindən aldığım məsləhət, beynəlxalq qanunlar və prosedurlarla, arxiv sənədləri üzərində yazdığım bu yazını oxuyun və İrəvanı geri qaytarmaq yollarını bilin. Əgər sizin doğurdan da qəlbinizdə belə istək varsa, tələb edin ki, 1918-ci il 29 may tarixli Milli Şuranın 3 saylı protokolu ləğv edilsin və İrəvana iddia qaldıraq. Qalan prosedur necə olacaq, bu yazımda var: https://azertimes.az/news/hadise/396205.html
Sizə “İrəvan 100” kitabımı hədiyyə edə bilərəm – ən azından o dövr haqqında dürüst bilgi almaq üçün.