Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalı soyqırımının müxtəlif aspektlərdən təhlili” mövzusunda fransız dilində vebinar keçirilib. Vebinarın əsas məqsəd fransızdilli insanları Xocalı soyqırımı haqqında məlumatlandırmaq olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayan tədbir “Alim” Elmi Assosiasiyanın rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Səfərovanın moderatorluğu ilə keçirilib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda etnik azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı aktı törətdiyi barədə ətraflı məlumat verib.
Vebinarda hüquqşünas Zaur Sadıqbəyli (Niş şəhəri), “AzərTAc”ın Fransadakı xüsusi müxbiri Şəhla Ağalarova və Xocalı qətliamının şahidi, həkim Şahsuvar Mirzəyev (Bordo şəhəri) çıxış ediblər. Onlar Xocalı hadisələrini tarixi, sosioloji və hüquqi aspektlərdən təhlil edərək, bu kütləvi qırğını insanlığa qarşı dəhşətli cinayət adlandırıblar.
Vebinar ərzində Xocalıdan çəkilmiş video görüntülər və şəkillər, eləcə də soyqırım zamanı yaxın qohumlarını itirmiş Şahsuvar Mirzəyevin hazırladığı videomaterial təqdim edilib. Tədbir iştirakçıları bu kadrları ürəkağrısı ilə izləyiblər və söz tapmaqda şətinlik çəkdiklərini gizlətməyiblər. Sonra “Alim”in 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş torpaqlarımızla bağlı başladığı layihə çərçivəsində Zəngilandan hazırlanan videoçarx fransız titrləri ilə nümayiş etdirilib.
Sosial şəbəkələr üzərindən birbaşa yayımlanan tədbir vebinar iştirakçılarının izləyicilərin suallarını cavablandırması ilə yekunlaşıb.