Alıcılar çox zaman məhsulun genetik modifikasiya olunub-olunmamasına diqqət yetirmirlər – Sevil Mikayılova

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi günün tələblərinə
cavab verən vacib sənəddir, qida təhlükəsizliyinin təmin edilməsi
üçün kifayət qədər əsaslar yaradır.

AzerTimes-ın məlumatına görə,
bunu Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bu gün
keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.

S.Mikayılova bildirib ki, layihə ilə bağlı bir neçə məsələyə
toxunmaq lazımdır. Xüsusilə qanunun 13-cü maddəsində (Genetik
modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair
tələblər) yalnız yem məhsullarına toxunulur.

“Qeyd etmək istərdim ki, dünyadakı genetik modifikasiya olunmuş
(GMO) məhsulların həcmi və çeşidi böyüməkdə davam edir. GMO
məhsulların insan sağlamlığına, bioloji müxtəlifliyə və ətraf
mühitə son illərdə müşahidə olunan mənfi təsirləri ictimaiyyətin bu
sahədə narahatlığını artırıb. GMO-lar bir sıra ölkələrdə qanunla
tənzimlənir və məhdudlaşdırılır.

Hər kəsə məlumdur ki, mağazalarda genetik modifikasiya olunmuş
ərzaq məhsulları, xüsusilə də meyvələr satılır. Alıcılar çox zaman
məhsulun genetik modifikasiya olunub- olunmamasına diqqət
yetirmirlər. Bəzi məhsulların üzərində “tərkibində GMO yoxdur”
yazılsa da, digərlərində “tərkibində GMO var” kimi markirovkalar
yoxdur. Hansı yaxşıdır ya pis bu barədə bildirilmir. Yaxşı olardı
ki, qanun layihəsində genetik modfikasiya olunmuş ərzaq məhsulları
ilə bağlı da tələblər müəyyən edilsin”, – deyə S.Mikayılova əlavə
edib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının ərazisinə
genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının
gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci
maddəsi ilə qadağandır. İnzibati Xətalar Məcəlləsində edilən
dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan Respublikası
ərazisinə idxalına, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil
edilməsinə görə – fiziki şəxslər üç min, vəzifəli şəxslər on min,
hüquqi şəxslər isə əlli min manat cərimə edilir. Belə olan halda bu
məsələ ilə bağlı qanun layihəsində müddəaların olmasına ehtiyac
var.

“Qeyd etmək istərdim ki, AQTA-ya 2018-ci ildən başlayaraq
müvafiq qurumlarla birlikdə GMO ilə bağlı qida təhlükəsizliyinə
dair qanunvericiliyin təkmilləşdirilməsi tapşırılıb.

Toxunmaq istədiyim digər bir məsələ isə qida zəhərlənmələri ilə
bağlıdır. Çünki bu gün cəmiyyətimizi narahat edən məsələlərdən biri
də qida zəhərlənmələri ilə bağlıdır. Həm Bakı şəhərində, həm də
regionlarda tez-tez həm ev şəraitində, həm də müxtəlif iaşə
obyektlərində kütləvi qida zəhərlənmələri ilə bağlı halları
görürük. Təəssüf ki, qida zəhərlənmələrindən dünyasını dəyişən
insanlar da olur. Yaxşı olardı ki, bununla bağlı qaydalar
sərtləşdirilsin, operativ və sistemli nəzarət mexanizmləri
müəyyənləşdirilsin. Fraqmentar yoxlamalarla problemi həll etmək
çətindir. Qanun layihəsində bununla bağlı da məsələ öz əksinini
tapmalıdır. Öz növbəsində Qida Təhlükəsizliyi Agentliyinin qida
zəhərlənmələrinin qarşısının alınması üçün daha intensiv fəaliyyət
göstərməsi arzuolunandır, belə ki, ictimai iaşə obyektlərində, qida
istehsalı müəssisələrindən satış nöqtələrinədək olan təminat
zəncirinə nəzarətin daha da gücləndirilməsinə ehtiyac var”, – deyə
S.Mikayılova əlavə edib.

Teqlər: