Ali təhsil müəssisələrinin qəbul planı neçə faiz dolub?

Xəbər - Fərid Zöhrabov – Trend:

Ali təhsil müəssisələrinin qəbul planı 90.46% dolub

AzerTimes-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi sentyabrın 3-də 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Müsabiqənin nəticələrinə əsasən 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur.

Sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 13.2%, II ixtisas qrupu üzrə 14.59%, III ixtisas qrupu üzrə 1.32%, IV ixtisas qrupu üzrə 9.87%, V ixtisas qrupu üzrə isə 9.54% plan yeri boş qalıb. I və II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin sayının (müvafiq olaraq 2040 və 1971 yer) daha çox olacağı əvvəlcədən məlum idi. Belə ki, müsabiqə şərtlərini (ümumi 200, imtahanının 2-ci mərhələsi üzrə 100 bal) ödəyən və ixtisas seçiminə buraxılanların sayı mövcud plan yerlərinin sayı ilə müqayisədə az idi.

Ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Nəticələrdən də görürük ki, bu qrup üzrə plan yerləri 98.68% dolub və cəmi 169 yer boş qalıb. IV qrupda da müsabiqə iştirakçılarının sayı plan yerlərindən az idi. Burada boş qalan yerlərin sayı 391, xüsusi qabiliyyət tələb edən V qrupda isə 161 yerdir.

I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Onlar boş qalan yerlərin müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.


II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir. Bu abituriyentlərin hamısının ikinci turda iştirak edib qəbul olunmaq şansları hələ də var.

III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərin seçiminə buraxılmırlar.

IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 36 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universitetinə (750 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (530 nəfər) və Bakı Biznes Universitetinə (474 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Bakı Biznes Universitetinə qəbul olunanların 52.38%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 49.47%, Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 40.33%-nin subbakalavrlar olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 7-dən 20-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Teqlər: