Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini
nəşr edib.
Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə
tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I,
II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul
imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri,
balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə
qəbul elanları və digər zəruri materiallar dərc olunub.
Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin
öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf
etdirmələri üçün təqdim olunub. Qəbul imtahanı modelinə əsasən, hər
fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı,
8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə
cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə
əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar
uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə
tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan
tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək
üçün yer ayrılıb.
Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və
qiymətləndirmə meyarları da verilib.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Kitabı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi
rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından
almaq və ya
www.abiturient.az saytından sifariş etmək mümkündür.