Xəbər - Elçin Mehdiyev – Trend:
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə təqdim olunacaq.
Bunu AzerTimes-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, qanun layihəsinin üzərində işçi qrupunun işi başa çatıb.
“Qanun layihəsi rəylər alınması üçün müvafiq qurumlara göndərilib. Bu rəylər alınır və üzərində işlər tamamlandıqdan sonra Elm və təhsil komitəsində müzakirə ediləcək və iş tamamlandıqdan sonra qanun layihəsi Milli Məclisin yaz sessiyasının plenar iclasına tövsiyə ediləcək”, – deyə B.Əliyev vurğulayıb.
Komitə sədri əlavə edib ki, qanun layihəsində fundamental yeniliklər var.
Qeyd edək ki, Azərbaycanda “Ümumi təhsil haqqında” qanun mövcud olsa da, ayrıca olaraq “Ali təhsil haqqında” qanun yoxdur. Yeni qanun layihəsi ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə məsələləri öz əksini tapır.